Cəmiyyət

İllər sonra Füzulidə keçirilən Od çərşənbəsi maraqlı məqamlarla yadda qalıb – FOTO/VİDEO

Sharing is caring!


Düşmənin od-alovlu silahları ilə xarabalığa çevrilən və 30 il işğal altında qalan Qarabağ torpaqları düşmən əsarətindən xilas edilib və azadlığının 4-cü ilindədir. Artıq bu torpaqlarda həyat canlanır və toylu-büsatlı günlər yaşanır, bayram tonqalları alovlanır. Həmçinin Novruzun çərşənbələri də sevinclə qarşılanır.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan digər ərazilər kimi, Qarabağın dilbər guşəsi olan Füzuli şəhərində də həyat öz axarına qayıdıb. Füzuli sakinləri illər sonra Od çərşənbəsini doğma yurdlarında bayram edirlər. Bayram ab-havası məktəblilər tərəfindən də coşqu ilə qeyd olunur.

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən Od çərşənbəsi tədbiri də yaddaqalan olub. Çərşənbələrin ikincisi sayılan Od çərşənbəsi tədbirində adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar, həmçinin şirniyyatlar yer alıb. Məktəblilər milli geyimlərdə yallı oynayıblar. Hazırlanan səhnəciklər maraqla qarşılanıb. Şagirdlər yumurta döyüşüb, digər oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

Məktəblilərə Od çərşənbəsi haqda ətraflı məlumat verilib və bu çərşənbənin insanlar tərəfindən oda, Günəşə olan inamdan irəli gələrək illərdir qeyd edildiyi bildirilib. Onlara əvvəlki illərdə Qarabağda təkcə Od çərşənbəsinin deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq necə keçirilməsi barədə danışılıb.

Qeyd edək ki, hazırda Füzuli şəhər məktəbində 450-yə yaxın şagird təhsil alır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir