Cəmiyyət

Mağazada ehtiyatsızlıqdan sındırdığımız məhsulun pulunu ödəməliyik? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Son dövrlərdə ticarət obyektlərində turist və yerli alıcıların sayı artıb. Bu da öz növbəsində iqtisadi əlaqələrin genişlənməsi, ticarət obyektlərinin artması deməkdir. Sıx müştəri olan obyektlərdə isə qəzalar qaçılmaz olur.

Bəzən ehtiyatsızlıqdan, yaxud təsadüfi hallarda hər hansı müştəri tərəfindən mağazadakı məhsullara ziyan vurula bilir. Bu cür hallar çoxumuzun ya başına gəlib, belə hadisələrin şahidi olmuşuq. Bir çox xarici ölkələrdə müştəri mağazada ehtiyatsızlıqdan hər hansı ixtiyari bir məhsulu sındırarsa, buna görə pul ödəməli deyil.

Əksər hallarda insanlar özlərini itirir, bəziləri isə öz hüquqlarını belə bilmirlər, buna görə də insanlar təqsiri olmadan sınmış mallar üçün zərər ödəməyə razı olurlar.

Siz və uşağınız hər hansı bir malı sındırmısınız, belə olan halda həmin məhsula dəyən ziyanın məbləği kim tərəfindən ödənilməlidir? Problemin həlli üçün hansı yollar var? Ehtiyatsızlıqdan hər hansı məhsula ziyan vurulanda müştəri və sahibkar arasındakı öhdəlik necə tənzimlənir?

Məsələnin hüquqi tərəfini Oxu.Az-a açıqlamasında vəkil Turan Abdullazadə şərh edib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsi əsasən tənzimlənir:

“Belə ki, maddəyə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 

Bildirirəm ki, qeyd etdiyiniz məsələni konkret olaraq tənzimləyən norma olmasa da, yuxarıda qeyd olunan maddələri hazırkı iş üzrə tətbiq etmək mümkündür. Yəni, ehtiyyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində müştəri (alıcı) sahibkara (satıcı) maddi ziyan vurursa, bununla bağlı sonuncu məhkəməyə maddi zərərin əvəzinin ödənilməsi barədə müraciət edə bilər”.

Qeyd olunan maddədən başa düşülən odur ki, əmlakın təsadüfi məhv olması riski mülkiyyətçinin üzərinə düşür.

Bəs bunu uşaqlar etsə, məsələ necə tənzimlənir?

Mülki Məcəllənin 1103-cü maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 

Eləcə də əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olubsa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur.

Eləcə də Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir