Cəmiyyət

Xocalıda əsir düşən qadın: “Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər” – FOTO

Sharing is caring!


“Xocalı canilərinin bəziləri tutularaq ölkəmizə gətirilib. Amma mən Vitali Balasanyanı gözləyirəm. Allaha yalvarıram ki, onu diri-diri tutub Azərbaycana gətirsinlər. O necə ki, gülərək, bizi sorğu-sual edirdi, mənim də ona suallarım var. Özü də çoxdur. Onlar burada çay içir, sivil qaydada həmin cinayətkarlarla davranırlar, amma kamerada qalanda bizə heyvan kimi münasibət göstərirdilər. Üzümüzə tüpürürdülər, ayaqqabını ağzımıza soxurdular, təhqir edib, zülm edirdilər, zəncirləyirdilər. Biz bu günləri unutmamalıyıq. 

Baxmayaraq ki, ağır xəstəyəm, bu gün xərçəngəm, amma danışmağı özümə borc bilirəm. Düzdür, efirlərə getmək mənim üçün ağırdır, amma telefon vasitəsilə məndən müsahibə alırlar, jurnalistləri evimə dəvət edirəm. Gücüm qalmayıb, amma yenə də danışmaq mənim borcumdur”.

Bunu Moderator.az-a açıqlamasında 8 gün erməni əsirliyində qalan qadın Dürdanə Ağayeva deyib. O daha sonra həmin illəri xatırlayıb.

“Xocalı mənim anamın vətəni idi, atam Ağdamdan idi. Amma mən Xocalıda dünyaya gəlmişdim, orada yaşamışdım, orada işləyirdim. Evin böyük qızı, 3 qardaşın tək bacısı idim. Uşaqlıqdan telefonçu olmaq istəyirdim.

“Telefonçu qız” filminə baxıb öz gələcəyimi düşünürdüm. Nə biləydim ki, bir gün əsir düşəcəyəm və əsirlikdə də daha çox əzab-əziyyət, zülm görməyimin başlıca səbəbi də telefonçu olmağım olacaq?! 1992-ci ilin fevral ayında artıq Xocalının bütün yüksəklikləri tutulmuşdu. Kənddə heç bir hərbi maşın yox idi. Rabitəçi olduğum üçün bütün danışıqları eşidirdim. Erməni deyirdi ki, sizə qan udduracağıq. Bir dəfə Milli Qəhrəman Əlif Hacıyevə zəng edib bunu dedim. Dedi ki, “erməni qandan qorxan millətdir, o bizə necə divan tuta bilər?” Əlbəttə ki, onlar təkbaşına deyildi, dəstək olan qüvvələr var idi. Gecə saat 11 radələrində Xocalı ağır artilleriya atəşinə tutuldu. Bizim heç nədən xəbərimiz yox idi. Qonşu qadın qaçaraq gəlib dedi ki, oturmayın qaçın, qonşu kənddə ahıska türklərini öldürürlər, indi bizim kəndə gəlirlər. Üzü meşəyə tərəf qaçdıq. Ermənilər artıq kəndimizdə idi. Onlar evlərimizi yandırırdılar. O evlər yanırdı, işığı yola düşürdü. Biz Qarqar çayına tərəf gəlirdik. Təsəvvür edin, çay donub, qar sinəmizə qədər qalxıb. İnsanlar bir-birinin üstünə yıxılırdılar. Qardaşım Elşad qabaqda idi, məndən arxada da Valeh və onun hamilə yoldaşı var idi. Bir də gördüm ki, Valeh qışqırır. Ermənilər onun hamilə yoldaşını öldürdülər. Artıq taqətimiz qalmamışdı. Bu zaman erməniyə əsir düşdük. Ən ağrılı günlərim ondan sonra başladı. Bizi yolboyu təhqir edə-edə Əsgəran Rayon Polis İdarəsinə gətirdilər. Təsəvvür edin, 20 yaşım var, axı o söyüşlərdən, təhqirlərdən utanıram. Qardaşım da yanımdadır. Anam məni axı əsir düşmək üçün dünyaya gətirməmişdi! Mənim də digər qızlar kimi gənclik arzularım var idi. Monte Melkonyan, Vitali Balasanyan, Karo mənə o qədər zülmlər verirdilər ki… Qadınları ayrı kameraya salmışdılar, kişiləri də ayrı. Qadınları aparıb uşaqlarının başını onların gözü qarşısında kəsirdilər. Həmin analar yanımda lay-lay oxuyurdular. Qaldığım kamerada qonşu otaqdan kişilərin elə səsləri gəlirdi ki… Dözə bilmirdim, bədənimi dişləyirdim, qulaqlarımı tuturdum. Rabitəçi olduğum üçün mənə “svyazka” deyib o ki var döyürdülər. Palçıqlı çəkməni ağzımın içinə o qədər salmışdılar ki… Palçıq gəlib boğazımın dibinə çatmışdı. Bir dəfə də Karo məni öz həyətimizdə o qədər döydü ki… Mən heç nə hiss etmirdim, bədənim hissiyyatını itirmişdi. Amma sevinirdim ki, öz evimizin həyətində döyülürəm. Buz kimi vannanın içinə salıb 5-6 saat saxlayırdı. Bir dəfə də o qədər döyülmüşdüm ki, huşumu itirdim. 7-8 saat çılpaq vəziyyətdə məni qarın altında saxlamışdılar. Kliniki ölüm keçirmişəm. Hiss edirdim ki, yerdəyəm, amma bədənim donub. Barmağımı ağzıma salıb özümü öyütdüm. Dilimi dişlədim. Mən indi də həmin barmağımı əzizləyirəm. Sonra erməni dedi ki, nəbzinə baxmışdıq, sən axı ölmüşdün, necə dirilmisən?! Elə təzə ayılmışdım ki, bir qadın gördüm. Sevindim ki, qadındır da, mənə dəstək olar. Həmin qadın dedi ki, mən Sumqayıtdan gəlmişəm, erməniyəm. Məni dəyənək ilə o qədər döydü ki… Ölməyib yaşayıramsa, bu günümə şükürlər olsun. Amma necə yaşayıram?! Şəkər xəstəliyi tapdım, xərçəng oldum. 

Siz təsəvvür etməzsiniz ki, mən işğaldan sonra əsirlikdə saxlanıldığım yerlərə getdim. Ora gedəndə ayaqlarım yerdən kəsildi, yıxıldım. Gözümü yumdum, bir anlıq hiss etdim ki, oradayam. Əsirlikdə saxlanıldığım yerdə bir ayaqyolu var idi. Orada o qədər başlar kəsildi ki… Məni boğazımdan həmin unitaza bağlamışdılar. İt kimi zəncirdə idim”, – deyə Dürdanə Ağayeva bildirib.

Dürdanə Ağayeva əsirlikdən xilas olunduğu günü belə xatırlayır.

“Allah Allahverdi Bağırova qəni-qəni rəhmət etsin. Görün erməni nə qədər aciz bir millətdir ki, əsirləri siqaretə, yanacağa, çörəyə dəyişirdi. Allahverdi Bağırov Vitali Balasanyana demişdi ki, nə istəyirsən verəcəyəm, mənim əsirlikdə qalan qadınlarımı qaytar! Balasanyan ondan it kimi qorxurdu. Bütün qadınları geri qaytardılar. Mən getmədim. Allahverdi Bağırov Balasanyana demişdi ki, mənim orada rabitəçi bir qızım var, onu niyə qaytarmadın? O da demişdi ki, mən ona təklif etdim, o özü getmək istəmədi, indi də mən onu geri qaytarmıram. Vitali Balasanyana dedim ki, ya qardaşımla birgə gedəcəyəm, ya da ki, burada qalacağam. Qardaşımın adını soruşdu, göstəriş verdi ki, onu gətirsinlər. Qardaşım içəri girən kimi təsəvvür etməzsiniz ki, onun ayaqlarından o qədər yapışıb öpdüm ki. Məni qardaşımın gözünün qabağında o qədər döydülər ki… Qardaşımın gücü ancaq ağlamağa çatırdı. Çarəsiz idi. Beləliklə 8 günlük əzab-əziyyətdən sonra bizi xilas etdilər.. Əsirlikdən qayıdanda rəhmətlik operator Seyidağa Mövsümlü bizi çəkirdi. Allahverdi Bağırov ona göstəriş vermişdi ki, qadınları danışdırmasın. Mən hamını günahkar bilirdim. Hamıya qışqıra-qışqıra deyirdim ki, niyə qoydunuz ki, əsir düşüm?! Nənəm başımı sığallayırdı, saçımı darayırdı. Anam bədənimdəki işgəncələri görüb üzünü cırmışdı”, – deyə keçmiş əsir bildirib.

Dürdanə Ağayeva bildirib ki, hazırda xəstəliyi də yadından çıxıb, nənə olmağın sevincini yaşayır.

“10 gün bundan öncə nənə oldum. Evimə hüzur gəlib. Siz təsəvvür edirsiniz ki, mən nənə olanda məni kimlər təbrik etdi?! Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva mənim nəvəm üçün hədiyyə göndərdi. Bu illər ərzində dövlətimdən, ölkə başçımdan, Leyla xanımdan, Mehriban Əliyevadan o qədər hörmət, dəstək görmüşəm ki. “Əsirlikdə 8 gün” adlı kitab yazdım. O kitabı bir çox ölkələrdə tanıtdırdıq, təbliğ etdik. Leyla xanım dedi ki, ömrümün sonuna qədər sənin yanındayam. Bu söz bilirsiniz mənim üçün necə dəstəkdir?! Mənim ailə həyatı qurmağım, övlad sahibi olmağım bir möcüzə oldu. İndi xəstəliyim yadımdan çıxıb, nənəlik sevincini yaşayıram. Dövlətimin sayəsində ən yaxşı xəstəxanalardan birində müalicə alıram. Hamı mənə hörmət edir. Gənclər ana, böyüklər isə mənə bacı deyirlər. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə ömür versin. Onların sayəsində torpaqlarımızı xilas etdik. Bütün Azərbaycan xalqı bu günlərə görə onların hər birinə minnətdardır”, – deyə Dürdanə Ağayeva deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir