Cəmiyyət

Qisas qiyamətə qalmır

Sharing is caring!

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.

Müdriklər yerində deyiblər ki, “Qisas qiyamətə qalmaz”. Qeyd etdiyimiz kimi, cinayətkarlar öz əməllərinə görə cavab verdilər. O qanlı günlərdə yurd-yuvalarından didərgin düşmüş insanların övladları Vətən uğrunda döyüşlərdə iştirak edərək Xocalı qurbanlarının qisasını aldılar. Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir cinayət cəzasız qalmamalıdır. Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini unutmarıq. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm layihələr həyata keçirilib. Müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.

Vüqar Musayev,

Cəlilabad rayon Privolnoye kənd sakini, 3-cü dərəcəli əmək ordeni

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir