Cəmiyyət

Xalq artisti Arif Babayevin doğum günüdür – VİDEO

Sharing is caring!


Fevralın 20-si Azərbaycanın ustad xanəndəsi, professor Arif Babayevin doğum günüdür.

Oxu.Az xatırladır ki, sənətkar 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.

Arif Babayev Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, 1962-ci ildə Teatr İnstitutunu (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – red.) bitirib. 1963-66-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında, 1966-cı ildə isə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

Arif Babayev muğam operalarında “Məcnun”, “Kərəm” (Ü.Hacıbəyov – “Leyli-Məcnun”, “Əsli və Kərəm”), “Aşıq Qərib” (Z.Hacıbəyov – “Aşıq Qərib”), “Camal” (Ş.Axundova – “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəsgahları lentə alınaraq “AzTV”nin Qızıl fonduna daxil edilib.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. İki il sonra ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda, Xəzər Universitetində muğam dərsi də verir. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biridir.

Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərb muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

Qeyd edək ki, ustad xanəndə 1978-ci il yanvarın 10-da “Azərbaycan SSR Əməkdar artisti”, 1989-cu il martın 21-də “Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. 1998-ci il fevralın 19-da “Şöhrət”, 2008-ci il fevralın 15-də “İstiqlal”, 2018-ci il fevralın 20-də “Şərəf” ordenləri ilə təltif olunub. 2010-cu il mayın 10-da “Qızıl çinar” beynəlxalq mükafatı verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir