Cəmiyyət

Kərkicahan məktəbi 33 ildən sonra şagirdlərini dərsə çağırır: Məktəbin direktoru Arzu Hacıyeva ilə MÜSAHİBƏ

Sharing is caring!


Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin 50 nəfərdən ibarət ilk qrupu köçürüləcək. Hər kəs doğma yurdlarına qayıdış gününü səbirsizliklə gözləyir. Elə N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin direktoru Arzu Hacıyeva kimi. O, Kərkicahanda orta məktəbin fəaliyyətə başlayacağı və şagirdlərin yenidən doğma torpaqlarda elmə və biliyə yiyələnəcəyi günü iplə çəkir.

Hazırda Gəncədə yerləşən ümumtəhsil müəssisəsinə rəhbərlik edən A.Hacıyeva əslən Ağdam kəndindəndir. 1986-ci ildə Xankəndi İnstitutunu bitirdikdən sonra Kərkicahan qəsəbə tam orta məktəbində əvvəl pioner dəstəsinin rəhbəri, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Elə həmin ili də qəsəbəyə gəlin köçüb və köçkünlük dövrünə qədər burada yaşayıb.

Arzu Hacıyevanın azvision.az-a müsahibəsini təqdim edirik:

– Həmin dövrdə azərbaycanlılara ermənilər arasında hər hansı ciddi problem, toqquşma yox idi. Ən azından biz görməmişdik. Amma nifrətin qığılcımlarını hiss edirdik. Sovet dövründə tələbələri Ağdərəyə üzüm yığımına aparırdılar. İnstitutda üç bölmədə – Azərbaycan, rus və erməni dilində tədris aparılırdı. O zaman ən təzə avtobusu ermənilərə verib yola saldılar. Bizə isə ən sınıq vəziyyətdə olan avtobus ayırmışdılar. Buna etiraz etdim. Bu narazılığa görə mənim başıma çox oyun açdılar. 1987-ci ildə ilk övladım Xankəndi şəhərində doğuldu. Erməni həkim gəlib uşağı əlinə alıb əzizlədi. Erməni dilini bilmirəm, amma hərəkətlərini başa düşürdüm. Ona deyiləndə ki, bu azərbaycanlı uşağıdır, övladımı tez yerinə qoyub getdi. Yəni artıq azərbaycanlılara qarşı nifrət açıq-aşkar göstərilirdi.

A.Hacıyeva qeyd edib ki, Kərkicahan Xankəndi şəhərindən uzaq olmasa da, orada ermənilər az yaşayıblar. Məktəbdə isə ancaq azərbaycanlılar oxuyublar:

“Kərkicahan qəsəbəsində, məktəbində hadisələr o qədər də hiss edilmirdi, hər kəs işində-gücündə, dərsində idi. Məktəbdə heç erməni şagird də yox idi. Amma Xankəndi şəhərində ermənilərin toplaşdığını, azərbaycanlılara söz atdığını, bizə pis münasibət bəslədiyini müşahidə edirdik. Vəziyyət gərginləşəndən sonra artıq Xankəndiyə gedə bilmədik. Ağdama gedərkən avtobusları daşlayırdılar, kəsici alətlər atırdılar, azərbaycanlıların evini yandırırdılar.

Ermənilərlə qonşu idi. Müharibə dövründə gecə də yata bilmirdim ki, ermənilər hücum edərlər. Elə müharibə başlayanda ilk top bizim evə atıldı. Sakinlərimiz əliyalın, silhasız olsa da kəndin müdafiəsində dururdular. Atışma olanda meşəyə gedirdik, sakitləşəndə evimizə qayıdırdıq”.

Direktor qeyd edib ki, 1991-ci ilin dekabrına qədər məktəbdə tədris davam edib, şagirdlər mütəmadi olaraq dərsə gediblər:

“Həm də Kərkicahanın başqa yerə çıxışı yox idi. Qəsəbədə iki məktəb var idi, hər ikisində son günə qədər dərs keçilib. Şagirdlər də dərsdən qalmırdılar, məktəbə gəlirdilər. Ağır, çətin şəraitdə yaşamağımıza baxmayaraq, təhsil dayanmamışdı. O zaman dərs deyən müəllimlərin əksəriyyəti vəfat ediblər. Yalnız cavan müəllimlərdən qalanlar olub. Rus dili müəllimi Şahverdi Səfərovu isə Şuşanın Daşaltı kəndində vurmuşdular. Sonradan heç onun meyiti də tapılmadı.

Kəndin aşağısında erməni məhəlləsi idi. Şagirdlər oradan qumbara tapıb açmışdılar. Yaralananlar çox olmuşdu. Onu da ermənilər qəsdən küçəyə atmışdılar ki, uşaqlar götürsünlər”.

O bildirib ki, 1992-ci ilin dekabrın 28-i kərkicahanlılar üçün doğma yurdda qalmağın son günü idi. Artıq ermənilər üç tərəfdən kəndi mühasirəyə almışdılar.

“Bir yol-meşə istiqaməti açıq idi. Hər kəs tələm-tələsik evdən çıxıb, meşəyə tərəf qaçdı. Meşəlik yolla Şuşaya, Şuşadan isə Laçın-Akara yolu ilə çıxıb gəldik. Qəsəbə bir neçə dəfə ermənilərdən alındığı üçün yoldaşım bizi Bakıda qoyub qayıtmışdı. Kişilərin hamısı qəsəbədə idi.

O zaman Bakıda Nərimanov rayonunda 57 nömrəli məktəbdə işləməyə başladım. Tam olaraq Kərkicahan qəsəbə sakinləri Gəncəyə bir yerə toplaşandan sonra artıq məktəbimiz də açıldı. Şagirdlər Gəncədə 23 nömrəli məktəbə ikinci növbə gedirdilər. O zaman yoldaşım Oqtay Hacıyev direktor təyin edildi. Bir müddət belə davam elədi. Sonradan Gəncədə yaşadığımız yataqxanın birinci mərtəbəsini məktəbə çevirdik və uşaqları buraya topladıq. Əvvəllər vəziyyət pis idi, indi təmir olunub, nisbətən yaxşıdır. Səbirsizliklə Kərkicahana köçün başlayacağı anı və məktəbin ora köçürülməsini gözləyirik. Kərkicahanda əvvəlkindən də gözəl məktəb olacaq. Pensiya yaşım çatmayıb və orada məktəbdə işləməyi davam etdirmək istəyirəm. Mənim kimi heç zaman oranın üzünü görməyən şagirdlərimiz də qayıtmağa həvəslidir. Bu il 18 nəfər 11-ci sinifi bitərəcək, onların əksəriyyəti sənədlərini Qarabağ Universitetinə veriblər və orada oxumaq həvəsindədirlər. Doğma yurd sevgisi ölmür, hər birimizi səsləyir”, – deyə A.Hacıyeva sonda əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir