Cəmiyyət

Əhməd Əhmədov dəlidirmi?

Sharing is caring!


Qan Turalı yazır…

Beş nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayət ölkə gündəminə bomba kimi düşdü. Hələ də insanlar bu cinayətin təsiri altındadır. Media qurbanların yaxınlarını (eləcə də şübhəlinin) tapıb, onları danışdırır. Ortaya çıxan bilik qırıntıları ilə hadisəni anlamağa, mənalandırmağa çalışır. Ancaq bu o qədər də sadə deyildir. 

Bu kimi qəddar cinayətlərdən bəhs edən bir serial var: Mindhunter. Netflix istehsalı olan bu serialda iki FBİ agenti bu cür dəhşətli cinayətlər törətmiş insanlarla sorğular aparır, cinayət psixologiyasını çözməyə, cinayətkarın psixoloji profilini çıxartmağa çalışır. Serialdan göründüyü kimi bu heç də asan deyil. Bir faktı da əlavə etmək lazımdır. Serialın ssenarisi “Mind Hunter: Inside FBI’s Elite Serial Crime Unit” kitabı əsasında qələmə alınmışdır və bu kitab təxəyyül məhsulu deyildir, sənədlidir. 

Hər şeydən qabaq xalqın reaksiyasını anlamaq lazımdır. Bəli, adi şüur üçün (Hegel buna sağlam zəka deyirdi) belə bir cinayəti anlamaq, mənalandırmaq heç də asan deyildir. İnsan övladı adi zamanlarda belə konspirologiya nəzəriyyələrinə, hər cür xürafata və yalana inanmağa meyllidir. Stres anlarında isə insanların bu cür meyli artır, çünki stres sağlam düşünmə mexanizmlərini zədələyir. Bu barədə elmi tədqiqatlar da mövcuddur. Stresli anlarda ortaya atılan hər cür iddia özünə müştəri tapır. Misal üçün, şübhəli qismində saxlanılan Əhməd Əhmədovun psixoloji problemlərinin olması məsələsi… 

Adi şüur Əhməd Əhmədovun psixoloji problemlərinin olması barədə deyilənləri onun cinayət törətməsi üçün əsaslı hesab edir. Əlbəttə, bəzi psixoloji xəstələr bu cür qətllər törədə bilərlər. Ancaq, psixikası sağlam olan insanlar da bu cür qətl törədə bilər. Bu mənada qətlləri birmənalı şəkildə psixoloji problemlərlə əsaslandırmaq çətindir. 

Bundan əlavə, şübhəlinin cinayəti son dərəcə soyuqqanlılıqla törətməsi, cinayətin iki ayrı evdə baş verməsi, qatilin bütün bunları planlaşdıraraq icra etməsi heç də ani bir hərəkətlə, bir anlıq qəzəblə izah oluna bilməz. Affekt halı bu qədər uzun müddətdə, Şıxlinski küçəsindən Yeni Günəşliyə gedəcək qədər davam edə bilməz. 

Əhməd Əhmədovun məhkəmə aparılarkən çəkilən görüntüləri də onun törətdiyi əməlin fərqində olduğunu, nəticələrini əvvəlcədən bildiyini göstərir. Şübhəli şəxs heç də peşman görünmür. 

Şübhəli şəxsin psixoloji problemlərinin olması barədə deyilənlər də onun qohumlarının sözlərinə əsaslanır. Qohumlar əlbəttə ki, psixiatr deyillər, adi bir adamın rəyi heç bir halda mötəbər sayıla bilməz. 

Əhməd Əhmədovun ailəsindən ayrı yaşaması, taksi fəaliyyəti ilə məşğul olması  da onun müstəqil halda həyat fəaliyyətini davam etdirə bildiyini göstərir. Bütün bunlara əsasən onun psixikasının ağır vəziyyətdə olmadığı nəticəsini çıxartmaq mümkündür. 

Bir sözlə, bu cinayət son dərəcə mürəkkəb bir cinayətdir və belə bəsit səbəblərlə izah oluna bilməz. Qeyd etdiyimiz məsələlər də nəzəri məsələlərdir, gerçəklik hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində ortaya çıxacaqdır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir