Cəmiyyət

Yerdən 180 metr yüksəkdə – 68 ildir “Göstərir Bakı”- REPORTAJ + FOTO

Sharing is caring!


Buradan baxanda Bakı ayağının altındadır desək, mübaliğə etmiş olmarıq.

Azərbaycanın ən hündür tikilisində – yerdən 180 metr yüksəklikdəyik. 

Paytaxtı buradan seyr edəndə, şəhəri sanki ovuclarının içində hiss edirsən.  

Bura Bakı Televiziya Qülləsidir. Elə bu gün bura gəlməyimiz də təsadüfi deyil.

Bu gün Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 68 il ötür.

Oxu.Az-ın əməldaşları da elə bu gün “AzTV”nin və digər telekanalların dünyaya yayımlandığı yerdən reportaj hazırlamaq üçün Bakı Televiziya Qülləsinə yollanıblar. 

Nəhəngliyi ilə heyrətləndirən tikiliyə yaxınlaşırıq. İlk olaraq sıfır səviyyədən yuxarı qalxmaq üçün liftdən istifadə edirik. 

Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn küçəsi, 1 ünvanında seçilib.

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib.

1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. Qüllədə 70 metr hündürlüyə kimi mərtəbələri beş metrdən bir gedirsən, oradan sonra isə iyirmi metrdən birdir. Yüksəkliyə qalxdıqca, qulaqlarınız da tutula bilər…

Kompleksin inşası 1996-cı ildə yekunlaşıb. Qüllənin hündürlüyü 310, Xəzər dənizi səviyyəsindən isə 136 metrdir. Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) şöbə müdiri Orxan Kərimovun sözlərinə görə, qurum yerüstü radio-televiziya yayımı üzrə dövlətin infrastruktur operatorudur:

“Teleradio” İB-nin 134 Radio-Televiziya Yayımı Stansiyası vasitəsilə ölkə ərazisində radio və televiziya yayımları təmin edilir. Bu stansiyalar arasında əsas yayım mərkəzi Bakı Teleqüllə Kompleksidir. Hazırda Kompleks vasitəsilə 16 yerli radio və 12 yerli televiziya proqramı yayımlanır. Eyni zamanda, müvafiq provayderlərə İPTV xidməti üzrə 200-dən çox TV proqram ötürülür”.

Qüllədə radio-televiziya yayımı və digər telekommunikasiya avadanlıqları istismar olunur. Burada 24/7 rejimində növbəli şəkildə onlara texniki xidmət göstərilir. 

Kompleksdə tikinti işləri 1980-ci ildə başlanılıb. Layihə hesablamalarına görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi, amma müəyyən səbəblər üzündən tikinti işləri dayandırılıb. Qüllənin tikintisi yenidən 1993-cü ildən başlayıb və 1996-cı ildə kompleksin rəsmi açılışı mərasimi keçirilib.

Ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub.

Çəkisi 40 min ton olan kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. 
Qüllənin üzərində milli ornamentli dörd şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. 

O.Kərimov bildirib ki, audiovizual yayım sahəsi ötən dövrdə inkişaf yolu keçib:

“Belə ki, bir sıra yeni yayım stansiyaları qurulub və yeni texnologiyalar tətbiq edilib. Eləcə də, işğaldan azad edilən ərazilərdə yeddi stansiyanın işi bərpa edilib. Hazırda isə “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 3981 nömrəli Sərəncamının və Azərbaycan Respublikasının Baş nazirinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nın icrası üzrə işlər aparılır. 

Eyni zamanda, DVB-T standartlı yerüstü televiziya yayım standartının yeni nəsil DVB-T2 standartına keçirilməsi istiqamətində texniki təkliflər hazırlanır. Keçid nəticəsində yerüstü televiziya yayımları HD formatında daha yüksək keyfiyyətlə yayımlanacaq”.

Kompleksin əməkdaşı Bəhruz Mürsəlov deyir ki, nəzarət-monitorinq sistemləri vasitəsilə televiziyaların yayımına nəzarət təmin edilir:

“Burada yayıma fasiləsiz şəkildə nəzarət olunur. Hər hansı bir problem yaranarsa, tez bir zamanda məlumat əldə edilir və müvafiq tədbir görülür”.

Əgər Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri aparılarsa, əvvəlcə kanallarla razılaşdırılır və onlara uyğun vaxtda proses həyata keçirilir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir