Cəmiyyət

Yeni Günəşli qəsəbəsindəki binada sürüşmə təhlükəsi – AÇIQLAMA + FOTO

Sharing is caring!


Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki yaşayış binasında sürüşmə təhlükəsi ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.

Oxu.Az xəbər verir ki, söhbət Yeni Günəşli qəsəbəsindəki V massivi, 13M nömrəli binadan gedir. Şikayətçi bildirir ki, binasının ön və sağ tərəfində ciddi sürüşmə hadisəsi baş verib və hazırda sürüşmə hər gün daha da aktivləşir. Ətrafda çoxlu sayda böyük çökəklik və qırılma baş verib.

“Şikayətçi qeyd edir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN), Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat verilib. Nazirlik və İH əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsinə, vəziyyətin yaxşı olmadığı, sürüşmə prosesinin aktivləşməsinin qurumlar tərəfindən də qeyd olunmasına baxmayaraq, sakinlərə heç bir məlumat verilmir. Sürüşmə aktiv şəkildə davam edir, heç bir önləyici tədbirlər görülmür”.

Məsələ ilə bağlı Oxu.Az Suraxanı Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, birinci dərəcəli dövlət qulluqçusu Ağayeva Sevinc Eldar qızı “susmaq qızıldır” prinsipini əsas tutaraq, nə verdiyimiz salamı almağı, nə yönləndirdiyimiz sualları cavablandırmağı özünə rəva bilməyib. Nə yazdığımız suala cavab verib, nə zəngimizi açıb.

Fövqəladə Hallar Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ərazidə ekzogen-geoloji proseslərin başvermə səbəblərinin öyrənilməsi üçün çöl tədqiqat işləri FHN tərəfindən davam etdirilir. Geoloji tədqiqat işləri yekunlaşdıqdan sonra nəticələr baxılmaq üçün aidiyyəti qurumlara göndəriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq,“ relyefdə yaranan dəyişmələrin süni şəkildə doldurulmasına baxmayaraq, proseslərin dinamikasında artım müşahidə olunur, – deyə bildirib. – Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 13M ünvanında yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib. Hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır. Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların və müvafiq bərkitmə işlərinin aparılması zəruridir”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir