Cəmiyyət

Gündəlik çay içək, yoxsa içməyək? – Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB + FOTO

Sharing is caring!


Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir. Adətə görə, evə gələn qonağı qarşılayarkən hörmət əlaməti olaraq əvvəlcə çay təklif edilir. Diqqət etsəniz, azərbaycanlıların bir çox qonaqlıq məclisləri çay ilə başlayıb, elə çay ilə də bitir.

Amma dünyada sudan sonra ən çox istehlak edilən içki növü kimi çayın da zərərləri az deyil. Beş minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər. Çayın faydaları və zərərləri barədə bir çox iddialar, araşdırmalar aparılıb. 

Çayın isti halda içilməsinin doğru olduğunu deyənlər də var, əksini iddia edənlər də. Kardioloq Oleq Varfolomoyev təcrübələrinə əsaslanaraq, çayın əsəb sistemini sakitləşdirdiyini deyib. Çay antioksidant təsiri ilə ürək sağlamlığına faydalıdır, eləcə də təzyiqi normallaşdıra bilir. Onun fikrincə, çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanmasının qarşısını alır.

Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlər ürək xəstəliyi və insultdan əziyyət çəkmirlər. Amma çayı normasında və qaydasında içmək lazımdır. Gündə yaxşı dəmlənmiş 3 fincan çay ürək-beyin xəstəliklərini 24 faiz azaldır. 

Bir qrup alim isə tünd çayın, müntəzəm olaraq çay istehlakının orqanizmə faydasından çox ziyanı olduğunu vurğulayırlar. Üstəlik, əgər həmin çay qaynar və tünddürsə onun zərəri ikiqat artır.

Buna görə də, mütəxəssislər çayı qaynar yox, ilıq halda içməyi məsləhət görürlər. Həm də gün ərzində iki dəfədən çox çay içmək tövsiyə edilmir. Türkiyəli qida mütəxəssisi Vedat Görel isti içkilərin qaynar içildiyi zaman (çay, kofe, süd və s.) qırtlaq və yemək borusu xərçənginə səbəb olduğunu deyib. Çində 456 min insan, Amerikada isə 50 mindən çox insan arasında araşdırma aparılıb. İllərlə izlənən bu insanların 65 dərəcə və yuxarı temperaturda olan isti içkilər qəbul etmələrinin yemək borusu xərçəngi riskini artırdığı sübut olunub. Onun sözlərinə görə, mütəmadi olaraq isti içkilərin 65 dərəcədən yuxarı temperaturda istehlak edilməsi qida borusunu aşındırır və törəmə yaradır. 

Bəs ümumiyyətlə, gündəlik həyatda isti, yoxsa sərin içkilərə üstünlük verilməlidir? 

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, dosent, qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, insan orqanizminə daxil olan bütün içkilər qaynar vəziyyətdə yox, bədən temperaturuna uyğun hərarətdə olmalıdır:

“Hər şeydən öncə mədə şirəsində və ağız suyu vəzləri tərəfindən ifraz edilən ağız suyunda müəyyən fermentlər var. İsti içkilər qəbul edilən zaman bu fermentlər parçalanır və bu, həzm prosesini ləngidir. Həzm prosesinin normal getməsi üçün nəinki içkilər, eləcə də yeməklər qaynar halda yox, bədən temperaturuna uyğun optimal temperaturda qəbul edilməlidir. Bu zaman istehlak edilən qidalar və içkilər mədə-bağırsaq traktı (həzm yolu) tərəfindən asanlıqla həzm olunur. Yalnız bu halda istehlak etdiyimiz qidalar orqanizmə faydalı olur”.

E.Fərzəliyev qeyd edir ki, çay tərkibində olan polifenol maddələrin birləşmələri insan orqanizminə müsbət təsir edir:

“Onlar maddələr mübadiləsini stimullaşdırır, beynin daha yaxşı qidalanmasını təmin edir. Çay və çay əvəzedici bəzi içkilər insan orqanizmi üçün vacib olan mühüm əhəmiyyət kəsb edən funksiyaları icra edir. Məhz bu baxımdan Azərbaycan çay istehlakına görə dünya ölkələri sırasında ön sıralarda qərarlaşır. Ölkəmizdə çay istehsalı ilə yanaşı çay qablaşdırma zavodları da fəaliyyət göstərir”.

Qaynar halda istehlak edilən nəinki çay, eləcə də bütün qidalar insan orqanizminə mənfi təsir edə bilər deyən qida təhlükəsizliyi üzrə ekspert yalnız çayın qida borusunda müəyyən törəmələrin yaratdığı iddiaları ilə razılaşmadığını bildirib:

“Düşünürəm ki, insan orqanizminin qida vasitələrinin təsirindən törəmələrinin yaranması yalnız və yalnız yağlarla bağlı ola bilər. Çünki yağların istehsalında yüksək temperaturda – 200-210 dərəcədə qızma halı baş verir. Nəticədə molekulyar quruluşda, strukturda parçalanma olur. Parçalanma nəticəsində sərbəst radikallar formalaşır. Bunların insan orqanizmində toplanması şiş xəstəliklərinin, onkoloji xəstəliklərin yaranmasına stimul verir. Bu baxımdan da yağlarla qidalanarkən ehtiyatlı olmaqda fayda var”.

Qida rasionunda isti, yoxsa soyuq halda içkilərin qəbuluna üstünlük vermək lazımdır?

E.Fərzəliyevin sözlərinə görə bu, adətən daha çox mövsümi xarakter daşıyır:

“Yayda sərin, qışda nisbətən isti içkilərə meyil artır. Düşünürəm ki, bu hal insan orqanizminin maddələr mübadiləsinə müsbət təsir edir. Çünki orqanizmin qəbul etdiyi qidaların temperatur göstəricisi optimal temperaturdan fərqli olduqda, maddələr mübadiləsi pozulur. Bu zaman bir çox mənfi hallar baş verə bilər. Odur ki, ilin isti mövsümündə sərin içkilərə, soyuq mövsümündə isə nisbətən isti içkilərə üstünlük verilməsi orqanizmin gedişatına müsbət təsir edir.

Ümumiyyətlə su belə, artıq içildikdə insan orqanizmi üçün mənfi nəticələr verə bilər. Günlük qida rasionunda orqanizmə lazım olan zəruri komponentlərin vaxtında çatdırılması önəmlidir. Balanslaşdırılmış qidalanma prinsipi çox vacibdir. Çünki orqanizmin doğru-düzgün inkişafına, hüceyrələrin, toxumaların qidalanması üçün zəruri olan qidaların istehlakı daha vacibdir. Odur ki, sağlam qidalanma prinsiplərinə əməl edildiyi təqdirdə insan orqanizmi normal inkişaf edir. Balanslaşdırılmış qida rasionuna görə, orqanizmə enerjivermə qabiliyyətində olan karbohidratların, yağların, zülalların, eyni zamanda əvəzolunan-əvəzolunmaz amin turşularının, vitaminlərin, ultramikro, mikro-makro elementlərin və bu kimi digər komponentlərin vaxtında və lazımi miqdarda qəbulu orqanizmin düzgün inkişafını stimullaşdırır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir