Cəmiyyət

Qarabağda icra edilən yol layihələri ilə bağlı son vəziyyət açıqlanıb – FOTO/VİDEO

Sharing is caring!


Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, qış fəsli və çətin relyefli ərazilər olmasına baxmayaraq, dövlət başçısının tapşırıq və sərəncamları əsasında AAYDA tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Səfər çərçivəsində Saleh Məmmədov Prezidentin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.

Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.

Daha sonra İdarə Heyətinin sədri Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35,5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub.

Qeyd edək ki, hər iki avtomobil yolu Prezidentin sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.

Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan agentliyin İdarə Heyətinin sədrinə məlumat verilib ki, yollar boyunca köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə, yüksək səviyyədə icra olunur.

S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat norma və qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir