Cəmiyyət

Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Sharing is caring!


Bu gün Azərbaycanın muğam ifaçıları arasında öz dəst-xəti ilə tanınan sənətkar, Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür. Xanəndənin anadan olmasının 73-cü ildönümü tamam olur.

Oxu.Az sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Görkəmli xanəndə Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünün sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır.

Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanla yanaşı dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlər edib.

Ömrünü Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını dünyaya tanıtmağa həsr edən xanəndəmiz musiqiləri böyük şövqlə, əsl ustalıqla ifa edib. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb.

Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir