Cəmiyyət

Ölüm saçan, qazla işləyən suqızdırıcıları və sobalar: Nələrə əməl etmək lazımdır? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Evdə qaz təchizatı varsa, bu, artıq təhlükənin olması deməkdir. Qaz təchizatı olan evdə mütləq təhlükəsizlik tədbirləri görülməlidir”.

Bu sözləri Baku.ws-ə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

Onun sözlərinə görə, “pyatiminutka”, “İran sobası” və digər qazla işləyən cihazların hər birinin təhlükəsiz istifadə qaydaları var:

“Birinci qızıl qayda budur ki, bu sobalar hansı otaqda yerləşdirilibsə, orada havalandırma olmalıdır. Bundan əlavə, adlarını çəkdiyimiz sobalar üçün mütləq nəfəslik olmalıdır. Ventilyasiya və nəfəslik olmayan yerlərdə bu tip sobaların yerləşdirilməsi yolverilməzdir.

Bəzi vətəndaşlar pəncərəsi olmayan otaqda İran sobaları quraşdırırlar. Bu, olduqca təhlükəli haldır. Ümumiyyətlə, ehtiyac olmadığı təqdirdə bu tip qızdırıcılara üstünlük verilməməlidir. Bu baxımdan ən əlverişli qızdırıcı mərkəzi istilik sistemi və kombidir. Bu qızdırıcılar çöldə quraşdırılır, evin isti su və istiliyə olan tələbatı təhlükəsiz şəkildə təmin olunur. Kombi quraşdırılan evlərdə, adətən, dəm qazından zəhərlənmə halı olmur.

Digər tərəfdən, suqızdırıcıları mətbəxdə quraşdırılarsa, mətbəxin də mütləq pəncərəsi olmalıdır:

“Evdə otaqların quruluşu dəyişdiyi halda pəncərə, nəfəslik və şaxtaya diqqət yetirilməlidir. Bunların olmaması təhlükəli vəziyyətdən xəbər verir. Təhlükəni minimallaşdırmaq üçün dəm qazı detektoru da olmalıdır. Həm dəm qazı, həm də qaz sızması əleyhinə detektor olmalıdır ki, qazın klapanı bağlansın”.

Ekspert əlavə edib ki, normalara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır:

“Belə cihazlar alarkən ucuz olana deyil, təhlükəsiz olana üstünlük vermək gərəkdir. Kustar üsulla hazırlanan cihazlardan istifadə sonda bir çox faciələrə gətirib çıxarır. Bir otaqdan digərinə rezin borularla qaz çəkib cihazlardan istifadə etmək qətiyyən olmaz.

Hamam otağına suqızdırıcısının quraşdırılması üçün otağın həcmi ən azı 6-7 kvadratmetr, hündürlüyü isə ən azı 2 metrdən çox olmalıdır. Əgər hamam otağında “pyatiminutka” quraşdırılıbsa, yerdən ən azı bir metr hündürlükdə olmalıdır. Tüstü bacası saz və dəmirdən olmalıdır. Bacada deşik və çat olması qətiyyən yolverilməzdir. Hamamda mütləq nəfəslik, ventilyasiya işlək vəziyyətdə olmalıdır. Bəzən vətəndaşlar hamamdakı nəfəsliyi soyuq olmasın deyə bağlayırlar. Xüsusən də buna həyət evlərində rast gəlinir.

Digər nüans qaz cihazı olan hamamların qapısında dəliklərin olmasıdır. Bu da təhlükə riskini xeyli azaltmış olur. Əgər hamam otağının içinə hava keçmirsə, deməli, yanma prosesi pozulacaq. Hamam otağına da detektor qoyulması mümkündür. Qiyməti 10-30 manat arasında dəyişən bu detektorlar dəm qazı yarandığı təqdirdə xəbər verir. Dəm qazının qoxusu və rəngi olmadığı üçün onu başqa cür müəyyən etmək olmur.

Qaz sobalarının bacası yerləşdiyi hissədən 60 santimetr üfüqi formada çölə çıxmalıdır. Ona da diqqət etmək lazımdır ki, külək tutan istiqamətdə olmasın. Külək tutan istiqamətdə olarsa, tüstü bəzən geri qayıdır və bu da təhlükəli vəziyyət yaradır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir