Cəmiyyət

Astarada torpaq sürüşməsi aktivləşib – FOTO

Sharing is caring!


Astara rayonunun Şuvi kəndində torpaq sürüşməsi aktivləşib.

APA-nın verdiyi xəbərə görə, torpaq sürüşməsi təxminən 150-200 metr uzunluğuna, 20-30 metr aşağı istiqamətə doğru genişlənib. Bir neçə evin divarlarında çatlar əmələ gəlib.

Məlumata görə, əvvəllər bu ərazilərdə köhnə evlər olsa da, heç bir sürüşmə faktı qeydə alınmayıb. Sürüşmə daha çox son iki ildə hiss olunmağa başlayıb.

Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub.

Astara Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, Şuvi kəndində baş verən torpaq sürüşməsi ilə bağlı əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri və fərdi yaşayış evlərinin texniki vəziyyətinin araşdırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Baş Layihə İnstitutunun işçiləri tərəfindən baxış keçirilib, müvafiq aktlar tərtib olunub.

Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fəqan Əhmədov bildirib ki, bu ay havaların yağıntılı keçməsi ilə əlaqədar, həmin ərazidə torpaq sürüşməsi aktivləşib, sürüşmə kənd sakininə məxsus torpaq sahəsinə də keçib, nəticədə uzunluğu 150-200 metr, eni 20-30 metr, hündürlüyü 0,8-1 metr olan ərazidə torpaq sahəsinin çökməsi ilə sürüşməsi baş verib.

Torpaq sahəsinin çökməsi və sürüşməsi fərdi yaşayış evlərinin bünövrə hissəsinin yaxınlığında baş verdiyindən həmin evlər üçün təhlükəli vəziyyət yaranıb.

Qeyd olunub ki, fərdi yaşayış evlərinə də baxış keçirilib və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir