Cəmiyyət

Sinif yoldaşını 400 manat borca görə bayram günü öldürdü – Bakıdakı QƏTLİN TƏFƏRRÜATI + FOTO

Sharing is caring!


2021-ci il dekabrın 31-də Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsindəki 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevin meyiti aşkar edilib. Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə və əraziyə baxış keçirib. Bundan təxminən 5-6 saat sonra 20-ci Polis Bölməsinə gəlib, könüllü təslim olan 1988-ci il təvəllüdlü Asim Nəcəfov sözügedən cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Asim Nəcəfov sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Şahmar Balayevə 2018-ci ildə borca 400 manat verib. Dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq Şahmar borcunu qaytarmayıb, hər dəfə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Buna görə də Asim dekabrın 31-i saat 12 radələrində yaşadığı mənzildən ov bıçağını götürüb Səməd Vurğun küçəsindəki 116 saylı binanın 7-ci blokunun zirzəmisinə gəlib. Yuxudan oyanan Şahmar Balayevin başına və qollarına əvvəl bıçağın dəstəyi ilə zərbələr vurub. Sonra kəsici alətin düyməsini sıxıb, açaraq onun sinəsinə və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Nəcəfov zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Asim Nəcəfov bildirib ki, o, valideynləri və uşaqlıq dostu Bəhruzla birlikdə Feyzulla Qasımzadə küçəsi, 28 ünvanında yaşayıb. Ata-anası vəfat edəndən sonra Bəhruz tək qaldığından, onlarla yaşamasını təklif edib:

“2006-cı ildə Nəsimi rayonunda yerləşən 42 nömrəli orta məktəbi bitirmişəm. Hərbi xidmətdən sonra Bakıdakı özəl şirkətlərdə ekspeditor, sonra isə mühafizəçi kimi çalışırdım. 2017-2021-ci illərdə Türkiyənin İstanbul şəhərində işləmişəm. Şahmar Balayevlə birinci sinifdən bir yerdə oxumuşuq. 2018-ci ilin sentyabr ayında Türkiyədə olduğum zaman Şahmar zəng edərək, anasının xəstə olduğunu söyləyib, məndən borca 500 manat pul istədi və həmin məbləği 15-20 günə qaytaracağına söz verdi. Mənim tapşırığım ilə anam Şahmara 400 manat pul verdi. Bir aydan sonra zəngləşəndə dostum pulunun olmadığını dedi, mənim və ailə üzvlərimin ünvanına söyüş söydü. Şahmarın davranışından əsəbiləşdim və yaxın zamanda Bakıda görüşüb, danışacağımızı bildirdim. Tanışlarım vasitəsilə dostumun narkotikə qurşandığını öyrəndim. 2021-ci ilin noyabr ayında Bakıya qayıtdım. İlk dəfə Şahmarı təsadüfən dekabrın axırlarında gördüm. Dostum siqaret çəkə-çəkə mənə tərəf gəlirdi. Salamlaşıb, söhbət edərkən ondan 400 manatı nə zaman qaytaracağını soruşdum. Şahmar əvvəl pulu qaytaracağını söyləsə də, sonra kobud şəkildə, “vermirəm” deyərək, söyüş söyməyə başladı. Dostuma sonra görüşəcəyimi bildirib ondan aralandım. Şahmarı cəzalandırmaq qərarına gəldim.

Dekabrın 31-də anamın səhhəti qəflətən pisləşdiyindən Təcili Tibbi Yardıma zəng etdim. Həkimlər anamı müayinə edib, dərmanlar yazdılar. Onları yola salıb, anama çay verdim. Saat 12 radələrində öz otağımda saxladığım bıçağı götürüb evdən çıxdım. Həyətə düşəndə, yaşadığım binanın 7-ci mərtəbəsində olan baltanı da özümlə götürdüm. Şahmarın yaşadığı ünvana çatanda, həyətdə dayanan insanlara fikir vermədən, birbaşa binanın 7-ci girişinə daxil oldum. Zirzəminin qapısının açıq olduğunu görüb, pilləkənlə aşağı düşdüm. Artıq еhtiyac olmadığı üçün, gətirdiyim baltanı sellofan torbadan çıxarıb, qapının kənarına qoydum və girişdən sağ tərəfdəki otağa keçdim. Şahmarın üzü qapıya tərəf, ayaqları yarım bükülmüş şəkildə yatdığını gördüm. Gödəkçəmin cibindən bıçağı çıxarıb, dəstəyi ilə оyatmaq üçün dostumun çiyninə və qoluna zərbələr vurdum.

Məqsədim Şahmarı yuxudan oyadıb, son sözümü demək, ardınca da onu bıçaqla vurmaq idi. Zərbələrdən sonra oyanan Şahmar, əl-qol atıb, məni söyməyə başladı. Bıçağın tiyəsini açaraq, əsəbi vəziyyətdə onun kürəyinə və sinəsinə xəsarətlər yetirdim. Balayevin yerdə hərəkətsiz qaldığını görüb, sanki ayıldım və dərhal otaqdan çıxdım. Bıçağı qatlayıb gödəkçəmin cibinə qoydum. Baltanı sol tərəfdə, ağacların yanına atdım. Evə gəldikdən sonra Bəhruz əl-üzümün qana bulaşdığını görüb, nə baş verdiyini soruşdu. Ona Şahmarı bıçaqladığımı dedim. Təzə paltarlarımı geyinib təlaş içində evdən çıxanda, ata-anama “Şahmarı vurmuşam, rayona gedirəm” deyib, mənzildən çıxdım. Ələt qəsəbəsi istiqamətində hərəkət etsəm də, törətdiyim əməlin düzgün olmadığını düşünüb geri qayıtdım. Saat 19 radələrində 20-ci Polis Bölməsinə gedərək, polis əməkdaşlarına adam öldürdüyümü etiraf etdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Nizaməddin Balayev ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Səməd Vurğun küçəsi, 116 ünvanında, 7-ci girişin zirzəmisində yaşayır:

“Narkotik vasitələrdən istifadə edən oğlum Şahmar Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və rayon məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilib. 2021-ci ilin dekabr ayında oğlumun cəza müddəti sona çatdı. Dekabrın 31-i saat 15 radələrində Şahmarın tanışı Nizami zəng edərək, mənə evə gedib, oğluma baxmağımı dedi. Otağa girəndə, oğlumu qan içində, uzanıqlı vəziyyətdə gördüm. Mənim xahişimlə, binanın həyətini süpürən MKİS-nin işçisi polisə və təcili yardıma zəng edib məlumat verdi”.

Şahid Rəfiqə Nəcəfova bildirib ki, oğlu Asimlə Şahmar sinif yoldaşı və çox yaxın dost olublar:

“Sonralar Şahmarın narkotikə qurşandığını bildim və oğlumun da o yola düşə biləcəyindən narahat olaraq, onları ayırmağa çalışdım. Buna görə Asimi məcburi şəkildə işləmək üçün Türkiyəyə göndərdim. Dəqiq xatırlamadığım tarixdə oğlum mənə zəng edib, Şahmarın anasının xəstə olduğunu dedi və buna görə dostuna 400 manat pul verməyimi xahiş etdi. Bundan sonra Şahmar gəlib, “pulu 3 günə gətirib, qaytaracağam” söyləyərək, məndən 400 manat aldı. Xeyli müddət keçməsinə baxmayaraq Şahmar pulu qaytarmadığından, onların evinə gedib anasından oğlunun harada olduğunu soruşdum. Qadın isə “Şahmar evdə yoxdur, pul da yoxdur” deyə cavab verdi. Şahmar Asimə zəng edib “anasının ondan əl çəkmədiyini” söyləyərək, iradını bildirdi. Dekabrın 31-də evə gələn oğlum “Şahmarı vurduğunu” dedi və çıxıb getdi. Bir neçə saatdan sonra 20-ci bölmənin əməkdaşları gələndə, onlara Asimin evdə olmadığını bildirdim. Saat 19 radələrində Asim özü polisə gedib təslim oldu. Hadisədən sonra mərhumum qardaşı zəng edib, hədə-qorxu gəlib, mənim və qızımın üzünə kislota töküb, bizi yandıracağını dedi. Şahmarın ailəsi ilə barışmaqdan ötrü dəfələrlə müraciət etdim. Amma qarşı tərəf məni təhqir edib həyətdən qovdu. Oğlumu evləndirmək üçün Bakıya çağırıb gətirdiyim və nəticədə bu bəlaya saldığım üçün özümü günahkar hesab edirəm”.

Məhkəmə iclasında Asim Nəcəfov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını bildirməklə, ona ən ağır cəza verilməsini xahiş edib. 

Məhkəmə qənaətə gəlib ki, Asim Nəcəfovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir