Cəmiyyət

Milli azadlıq mübarizəsini var olduqca unutmayacağıq! – FOTO

Sharing is caring!


Şəhidlərimizin bizlərə miras qoyduğu müstəqil Azərbaycan indi daha güclüdür, möhtəşəmdir, bütövdür. 20 Yanvar şəhidləri son üç ildə  Bakının ən hündür zirvəsindən xalqımızın qazandığı bu qələbələri qürurla izləyirlər, ruhları şaddır.

Azərbaycan xalqının milli azadlıq mübarizəsinin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 34 il keçir. Bu illər ərzində Bakının ən hündür yerində bizlərə daima müstəqillik yolunun sönməz məşəlini göstərən Şəhidlər xiyabanı yüz minlərlə insanın axınına şahidlik edir. Zahirən səssiz, sakit və hüznlü olan bu insan seli əslində, Azərbaycan xalqının daxilən güclü iradəsinin, əzminin göstəricisidir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Milli iradəmizin sınacağını düşünənlər yanıldılar

Keçmiş SSRİ rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Qarabağda başlayan separatizmə qarşı öz haqlı tələblərini səsləndirən milyonlarla azərbaycanlının azadlıq və müstəqillik tələblərini boğmaq üçün “qırmızı imperiya” özünün ən qanlı silahını işə saldı. Paytaxt Bakıya yeridilən hərbi birləşmələr yüzlərlə əliyalın azərbaycanlını qətlə yetirdi. Bu addımlarla xalqımızın çıxdığı müstəqillik yolunda iradəsini qıracağını düşünənlər yanıldılar. 20 Yanvar faciəsi Azərbaycan vətəndaşlarını müqəddəs amal uğrunda daha sıx birləşdirdi.

Moskvadan dünyaya səsləniş

Ümummilli lider Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra bu barədə keçmiş SSRİ paytaxtından, Moskvadan dünyaya səslənişi həqiqətlərin beynəlxalq aləmin diqqətinə çatdırılmasında müstəsna rol oynadı. Sonradan onun prezidentliyi dövründə 20 Yanvar faciəsi ilə bağlı qəbul edilən qərar və sərəncamlar bu olayların unudulmamasına, əksinə, qan yaddaşımıza birdəfəlik həkk olunmasına xidmət etdi.

Şəhidlər xiyabanı and yerimizdir

20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanı bu gün Azərbaycan xalqının, ordumuzun, gənclərimizin and yeridir. 34 il ərzində uşaq yaşlarından Şəhidlər xiyabanını ziyarət edərək orada uyuyanların qəhrəmanlıq hekayələrini dinləyərək böyüyən gənc nəsil bu gün qalib Azərbaycan Ordusunda xidmət edir. 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoymaq üçün düşmənin üzərinə atılan, bir addım da geri çəkilməyən qəhrəmanlarımızın içindəki Vətən sevgisinin təməlində 20 yanvarda Azərbaycan xalqının imperiyaya meydan oxuyan iradəsi dayanır.

Bugünkü qüdrətli və güclü Azərbaycanın təməlini də  məhz 20 Yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik təşkil edir. Müstəqilliyimizin ilk illərində parçalanmış, ağır məğlubiyyətlər alaraq yorğun düşmüş, dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşən xalq öz küllərindən yenidən doğuldu. İllər boyu itirdiklərini  geri qazanmaq, məğlubiyyət sindromu ilə əyilmiş qürurunu dirçəltmək, 20 Yanvar faciəsi də daxil olmaqla başına gələn müsibətlərin, faciələrin qisasını almaq üçün yenidən birləşməyi, bir olmağı bacardı. Əsası ulu öndər tərəfindən qoyulan bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məntiqi sonluğuna çatdı. 

Güclü və müstəqil Azərbaycanın vətəndaşlarıyıq

Artıq güclü və müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Yüz illər boyunca üzləşdiyimiz faciələri bizlərə unutdurmağa çalışanların bütün səylərinə baxmayaraq atalarımızın bizlərə qoyduğu bu Vətənə layiqincə sahib çıxırıq. 1990-cı ilin yanvar gecəsi xalqımızı sovet tankları ilə üz-üzə qoyan Qarabağ azaddır. 30 ildən artıq bir dövrdə separatizm yuvasına çevrilərək Azərbaycan dövlətinin kürəyinə saplanmış zəhərli xəncər olan Xankəndidə bu gün Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. 20 Yanvarda olduğu kimi, soyuq və qaranlıq fevral gecəsində erməni daşnakları tərəfindən əliyalın yüzlərlə qadın, uşaq və yaşlıların qətlə yetirilərək soyqırımına məruz qaldığı Xocalı artıq öz sakinlərinin geri dönüşünü səbirsizliklə gözləyir. Laçın bu gün bir başqa görünür. Yaxın zamanlarda Kəlbəcərə öz əzəməti, möhtəşəmliyi ilə Azərbaycan xalqının tarixi qələbəsini xatırladan Murovda çəkilən, Azərbaycanın iqtisadi gücünü göstərən tunellə səfər edəcəyik.

20 yanvar şəhidlərinin ruhları şaddır

Bəli, 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının yüzlərlə şəhidlərinin canı və qanı bahasına çıxdığı müstəqillik yolunda bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyirik. Şəhidlərimizin bizlərə miras qoyduğu müstəqil Azərbaycan indi daha güclüdür, möhtəşəmdir, bütövdür. 20 Yanvar şəhidləri son üç ildir ki, Bakının ən hündür nöqtəsindən xalqımızın qazandığı qələbələri qürurla izləyirlər, ruhları şaddır. Çünki onların qanları, canları bahasına çıxdıqları bu yolda yürüyənlər nəhayət, tarixi missiyalarını uğurla, şanlı qələbə ilə yekunlaşdırdılar. Müasir dünyada çox az sayda dövlətin imza ata bildiyi işğal faktına son qoydular, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdilər. Artıq Azərbaycan ərazisində heç bir dövlətin, heç bir imperiyanın işğalçı hərbi qüvvələri mövcud deyil. Bu gün Azərbaycan sərhədini qəhrəman və qalib Azərbaycan əsgəri, peşəkar Silahlı Qüvvələrimiz qoruyur. Vaxtilə milli iradəmizi, müstəqillik arzularımızı boğmağa çalışanlar indi bizimlə hesablaşmaq, milli maraqlarımızı nəzərə almaq məcburiyyətindədir.

Var olduqca unutmayacağıq!

Bəli, 1990-cı il yanvarda xalqımızın çıxdığı bu yolda qarşımıza qoyduğumuz bütün hədəflərə çatmışıq. 34 il ərzində minlərlə şəhid versək də, üstümüzə özümüzdən qat-qat güclü düşmənlərin məkrli hücumları olsa da, çıxdığımız yoldan dönmədik, bir addım da geri çəkilmədik. 34 il əvvəl Bakının Şəhidlər xiyabanında yandırılan “Əbədi Məşəl” elə əbədi olaraq yanacaq. Bu müqəddəs məkanda uyuyanları isə var olduğumuz müddətcə unutmayacağıq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir