Cəmiyyət

Müdafiə Nazirliyində hərbi jurnalistlər və ekspertlərlə görüş keçirilib

Sharing is caring!


Yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri ilə hərbi mövzuda xəbər hazırlayan, yazılar yazan jurnalistlər və ekspertlər arasında görüş keçirilib.

Oxu.Az xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də milli azadlıq uğrunda mübarizəyə qalxmış 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş həmvətənlilərimizin, həmçinin şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Kommunikasiya Strategiyasının hesabatı təqdim olunub və Azərbaycan Ordusunda 2023-cü ildə icra edilən döyüş hazırlığı üzrə tədbirlərin icmalından ibarət videoçarx nümayiş etdirilib.

Bildirilib ki, Azərbaycan Ordusunda 2023-cü il ərzində – 143 Taktiki-xüsusi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib, eləcə də hərbi qulluqçularımız Azərbaycanda və digər ölkələrdə keçirilən 21  beynəlxalq təlimdə iştirak edib.

Hesabatda qeyd olunub ki, tədbirlərin işıqlandırılması və Nazirliyin kommunikasiya strategiyasının icrası ilə bağlı Müdafiə Nazirliyi tərəfindən 2023-cü il ərzində ümumilikdə 955 məlumat, 4 224 foto və 403 videomaterial rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb. Məlumatlardan 854-ü rus və ingilis dillərinə tərcümə edilib.
İl ərzində media subyektləri tərəfindən Azərbaycan Ordusunun maddi-texniki bazasından istifadə edilməklə çəkilişlərin aparılması məqsədilə ünvanlanmış 186 məktub icra olunub.

Müraciətlərə əsasən təşkil olunmuş çəkilişlərdə 11 dövlət qurumu, 160 yerli media subyekti, 6 ictimai birlik, 9 prodakşn, radio, xarici media və media mərkəzləri iştirak edib.

Bundan başqa, 171 media subyektinin 347 nümayəndəsinin iştirakı ilə hərbi hissələrə 26 media-tur təşkil edilib. Burada müxtəlif mövzularda çəkilişlər təşkil olunub və hərbi qulluqçuların gündəlik fəaliyyəti jurnalistlərə təqdim edilib. Media nümayəndələri tərəfindən daxil olan 91 sorğu cavablandırılıb.

Ordu rəhbərliyinin ictimaiyyətə bilavasitə açıqlama verməsinin əhəmiyyəti qeyd edilərək, cari il ərzində müdafiə nazirinin 3 müsahibəsi və mətbuat konfransı təşkil edildiyi bildirilib.

Nazirliyin rəsmi sosial media hesablarında – “Instagram”da 1 437, “Facebook”da 1 478, “X”də 1 593, “Telegram”da 1567, “YouTube”da isə 446 paylaşım edilib.

Görüş zamanı media subyektləri ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, səmərəliliyin artırılması məqsədilə perspektiv planlar müzakirə olunub. Hərbi və dövlət sirlərinin qorunması məqsədilə bu tip məlumatların yayılmasına yol verilməməsi, qarşısının alınması və birgə mübarizə aparılmasının zəruriliyi diqqətə çatdırılıb. 

Tədbirin yekununda media nümayəndələrinin birgə əməkdaşlığın inkişafına dair təklifləri dinlənilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir