Cəmiyyət

Bakı sakini mənzilində yaşadığı halda evinin söküldüyünü iddia edir – FOTO/VİDEO DƏYMƏ

Sharing is caring!


“Otuz ildən artıq ailəmizə aid olan ata mülkümü qeyri-qanuni, cinayətkar əməllərlə əlimdən alıblar. Mənim icazəm olmadan şəxsi mülkümün qapısını qıraraq içəriyə daxil olublar. Mənə və ailəmə məxsus olan əmlakı dağıdıb, əşyalarıma ziyan vurub, evimi uçurublar. Bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-Təftiş Şöbəsinin müdiri Zülfəli İsmayılovun başçılığı altında baş verib”.

Bu sözləri Oxu.Az-a müraciət edən zərərçəkmiş Şamil Kərəmov deyib.

O bildirib ki, Nərimanov rayonu ərazisində o və daha 44 ailənin yaşadığı köhnə beşmərtəbəli yaşayış binasını qeyri-qanuni yolla, müxtəlif təzyiqlər göstərməklə vətəndaşların əlindən alıblar:

“Mən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30, mənzil 44 ünvanında yaşayırdım. Hüquqlarımın qorunması üçün mətbuata müraciət etmək məcburiyyətində qaldım. Binamız 1964-cü ildə rabitə işçiləri üçün tikilib, Rabitə Nazirliyinin (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red.) Teleradio İstehsalat Birliyinin balansında olub. Daha sonra 2 saylı Xüsusi Təyinatlı Mənzil-İstismar Kontorunun 25 saylı MİS-nə (Mənzil İstismar Sahəsi) verilib.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1990-cı illərin ortalarında, qanunamüvafiq olaraq bütün mənzillər sakinlər tərəfindən özəlləşdirilmişdi. Binada 45 ailə yaşayırdı, bir çoxu elə ilk gündən binanın sakinləri idi. 30 ildən artıq ailəmizə aid olan ata mülkümü qeyri-qanuni yolla, cinayətkar əməllərlə əlimdən alıblar. Mənim icazəm olmadan şəxsi mülkümün qapısını qıraraq içəriyə daxil olublar. Mənə və ailəmə məxsus olan əmlakı dağıdıb, əşyalarıma ziyan vurub, evimi uçurublar. Bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-Təftiş Şöbəsinin müdiri Zülfəli İsmayılovun başçılığı altında baş verib.

Binamız tikinti normalarına tam riayət olunmaqla, daşdan tikilmişdi. Hətta 2000-ci ildə 6,8 ballıq zəlzələ baş verəndə heç bir dağıntı və çat müşahidə edilməyib. Çox möhkəm, dayanıqlı bina idi. 2022-ci ilin dekabrında kütləvi informasiya vasitələrində metronun “Gənclik” stansiyası yaxınlığında böyük park salınacağı, binamızın yerində və həmin ərazidə yaşayış kompleksi tikiləcəyi barədə məlumat verilib. Hətta sözügedən “park”ın və ya yaşayış kompleksinin görüntülü layihəsi mətbuatda dərc olunub. Sakinlərin çoxu bu xəbəri müsbət qarşılayıb, öz yaşadığımız prestijli sayılan ərazidə müasir, yeni tikilmiş binada yaşayacağını düşünüb. Lakin sonrakı hadisələr tamam fərqli və gözlənilməz ssenari üzrə baş verib”.

Şikayətçinin sözlərinə görə, 2023-cü il aprelin əvvəlində 25 saylı MİS-in müdiri, BŞİH-in və özəl bir şirkətin nümayəndələri həyətə gəliblər:

“Onlar mənzillərin sahəsini ölçüb, binanın söküləcəyi və yerində guya park olacağı barədə məlumat verdilər, baxmayaraq ki, mətbuatdakı layihədə binamızın yerində yaşayış kompleksi olması göstərilmişdi. Əlavə olaraq, nəinki bizim binanın, yanımızda yeni inşa olunan çoxmərtəbəli binaların da söküləcəyi deyildi.

Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Sorğuya ilk cavab mayın 4-də, ikinci cavab isə oktyabrın 11-də gəldi. Binamızın sökülməsinə dair sənədin olub-olmaması, yerində park salınması məsələsinə aydınlıq gətirilməsinə dair apreldə komitəyə ünvanladığımız müraciətə mayın 4-də komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavabda qeyd edilib ki, “Sözügedən ünvanda söküntüyə (və ya tikintiyə) icazə icraatı çərçivəsində (yaşayış binasının sökülərək yerində park salınması ilə bağlı) komitəyə hər hansı bir müraciət daxil olmayıb”. Cavabı isə idarə rəisinin birinci müavini, Bakı şəhərinin baş memarı Akif Abdullayev verib.

Eyni zamanda, paralel olaraq BŞİH-ə, ərazi üzrə deputata, Nərimanov Rayon İcra Hakimiyyətinə və daha yuxarı instansiyalara sakinlər adından birgə müraciət ünvanladıq. Bütün müraciətlərimizə cavab olaraq sözügedən ünvanda yaşayış binasının sökülərək yerində park salınması ilə bağlı heç bir rəsmi məlumatın, dövlət layihəsinin olmadığı bildirilib”.

“Avqust ayında Mənzil-Kommunal Təsərrüfatı Departamenti Hüquq Şöbəsinin rəisi kimi özünü təqdim edən Qədir Qəmbərov və MİS müdiri Reyman sakinləri toplayaraq, köçməyə hazırlaşmağımızı tapşırdı. Sakinlərin: “Hansı qanuni əsasla, hər hansı bir sənəd varmı?” sualına heç bir sənədin olmadığını bildirdilər. Lakin onu da əlavə etdilər ki, bizim sualımızın cavabı olacaq sənəd BŞİH-in Nəzarət-Təftiş Şöbəsinin müdiri Zülfəli İsmayılovdadır. Təbii ki, bu cavab biz sakinləri qane etmədi və tələb etdik ki, yalnız sənəd olan halda biz sivil qaydada bu məsələni müzakirə edə bilərik. Ayyarım ərzində adları qeyd edilən şəxslər bina sakinlərini razı salmaq üçün mütəmadi əraziyə gəlirdilər.

Avqust, sentyabr aylarında Zülfəli İsmayılov və onun dəstəsi (hüquqşünas Qədir, 25 saylı MİS-in müdiri Reyman və müstəqil qiymətqoyma eksperti kimi özünü təqdim edən qiymətləndirici şirkətin rəhbəri İlham Bağırov adlı şəxs bir çox şeylərə baxmayaraq, binada yalnız bir mənzili ala bildilər. Bu hal oktyabr ayının ortasına kimi davam etdi. Z.İsmayılov 26.10.2023-cü il tarixində görüş zamanı sakinlərə bu ərazidə park salınacağına dair sərəncamın olduğunu deyib. Hətta danışıqlar zamanı ağzından qaçırmışdı ki, bu “dövlət layihəsi” 59 milyon manat vəsait hesabına ərsəyə gələcək. Təsəvvür edin, əgər bu rəqəm realdırsa, üçbloklu, 45 ailənin yaşadığı mənzillər üçün ailələrə verilən məbləğin tamamını toplasaq, heç yeddi milyon etmir. Axı köçürülmə prosesi zamanı vətəndaşların razı salınması önəmlidir. Mən də daxil heç bir vətəndaş onlardan dəhşətə salacaq məbləğ istəməyib, mənzil istəyib. Z.İsmayılov BŞİH başçısının 27.09.2023 tarixli sərəncamını əsas gətirərək, bina sakinlərinin buradan kompensasiya alaraq köçməli olduğunu bildirib”, – Ş.Kərəmov qeyd edib.

Onun sözlərinə görə, tələblərinə baxmayaraq, ərazidə park salınacağına dair sərəncam onlara təqdim edilməyib:

“Eləcə də binamızın yerində həyata keçiriləcək layihənin təsdiq olunmuş variantı bizə təqdim olunmayıb. Bu səbəbdən də sakinlər mənzillərindən köçməyə etiraz ediblər. Zülfəli İsmayılov onu da qeyd edib ki, əgər sakinlər onun şərtlərini qəbul etməsələr, binamızı elə hala salacaq ki, hətta Fövqəladə Hallar Nazirliyindən (FHN) belə, binanın qəzalı olduğuna dair rəy alacaq. O bizə hədə-qorxu gələrək: “Hər şey bizim əlimizdədir. Hara istəyirsiniz, şikayət edin”, – deyib. Bu söhbətdən iki gün keçmədən həmin Z.İsmayılov həyətə iri texnikalar gətirdi və dediyini etdi. Öncə sakinlərin qarajlarını sökdülər, daha sonra yaşayış ola-ola binanın dördüncü mərtəbəsindəki birotaqlı mənzilin sahibini razı salaraq mənzilin qapı və pəncərəsini dağıtdılar. Həmin gün – 28.10.2023 tarixində – bina sakinləri bu özbaşınalıq barədə FHN-ə zəng etdilər. Axşam FHN əməkdaşı əraziyə gəlsə də, baş verənlərin şahidi olsa da, heç bir tədbir görmədi. Şifahi olaraq bildirdi ki, görülən işlər normalara ziddir, qeyri-qanunidir. Bu qaydada hər mənzil alındıqca mənzilin qapı-pəncərələrini dağıtmaqla binanı qəzalı hala salmağa davam edirdilər. Bunları əks etdirən foto və videomateriallar bütün sakinlərdə var”.

Sakinlər məsələnin qanun çərçivəsindən bu qədər kənara çıxacağını ehtimal etməyiblər və öz hüquqlarını təmin etmək məqsədilə sentyabrda aidiyyəti orqanlara birgə müraciət ünvanlayıblar:

“Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, BŞİH-ə, Nərimanov RİH-ə müraciət ünvanladıq. Komitədən oktyabrın 11-də gələn cavabda qeyd edilib ki, layihə ilə bağlı heç bir məlumat yoxdur. Lakin onlar da yalnız BŞİH başçısının 27 sentyabr sərəncamından məlumatlı olduqlarını qeyd ediblər. Z.İsmayılovun sakinlərə bildirdiyi park salınması ilə bağlı sərəncam barədə heç bir qurum rəsmi təsdiq cavabı verməyib. Sakinlər öncə etiraz etdilər, heç kim səbəbsiz yerə ev-eşiyindən çıxmaq istəmədi. Lakin sonra sakinlərə qarşı müxtəlif təzyiqlər başladı. Zülfəli İsmayılov və onun dəstəsi olan Reyman, Qədir Qəmbərov, İlham Bağırov adlı şəxslər sakinləri təhdid etməyə başladılar.

İşığı, suyu, qazı kəsərək süni maneələr yaratdılar ki, insanlar çıxıb getsinlər. Təbii ki, belə şəraitdə qala bilməyənlər oldu və çarəsizlikdən razılaşdılar. Biz beşinci mərtəbədə yaşayırdıq. Alt qonşumuzun mənzilini aldılar və binada yaşayış ola-ola dördüncü mərtəbənin pəncərəsini, binanın damını dağıtdılar. Sakinlərdən çoxu çarəsizlikdən, bəziləri təhdidlərdən cana yığılıb köçdülər.

Pərviz Səmədov və İbnamin Kazımov da təzyiqlərə məruz qalaraq köçməyə məcbur qalan sakinlərdən olublar. Hər ikisi baş verən qanunsuzluqların şahidi olub.

Eyni kvadratmetrə malik olan mənzillərin sahiblərinə kompensasiya tam fərqli məbləğlərlə hesablandı. Birotaqlı, təxminən 30 kvadratmetr sahəsi olan mənzillərə görə sahiblərinə 117-120 min manat arası kompensasiya ödədilər. Yəni kvadratmetri təxminən dörd min manatdan hesablanıb. Daha sonra ikiotaqlı, sahəsi təxminən 45 kvadratmetr, faktiki 52,8 kvadratmetr olan mənzillərə görə isə 155-186 min manat aralığında kompensasiya verildi. Sakinlər üçotaqlı, sahəsi təxminən 65-70 kvadratmetr olan mənzillərə görə 195-206 min manat kompensasiya aldılar. Nəticədə birotaqlı mənzillərin sahiblərinə kompensasiya kvadratmetri dörd min manatdan hesablansa da, digərlərinə qeyri-bərabər, 1 kv.m/3 min manatdan hesablandı.

Mən kompensasiya olaraq binamızın yerində bina inşa edilərsə, orada təmirli ikiotaqlı mənzil və ya 200 metr ətrafda inşa edilən yeni tikililərdə mənzil tələb etmişəm. Onlar isə kompensasiyanın yalnız pul şəklində veriləcəyini bildiriblər. Mənim rəsmi sənədlə 45, faktiki olaraq 52 kvadratmetrlik mənzilimə 162 min manatdan artıq pul verilməyəcəyini dedilər. Mən isə onlardan mənzilimə uyğun olaraq 200 min manat istədim. Sonda, əgər razılığa gəlmək istəsələr, 185 min manat tələb etdiyimi və bu şərtlə mənzilimdən könüllü şəkildə çıxacağımı dedim. Onlar isə mənimlə razılaşmadılar.

Nəhayət, dekabrın 26-da Zülfəli İsmayılov və dəstəsi mənim icazəm olmadan, mənimlə heç bir razılığa gəlmədən mənzilimin qapısını qıraraq evimə daxil olublar. Bütün bunların foto və videogörüntüləri var. Evimi dağıdıblar, əşyalarımın aqibətindən xəbərim də yoxdur. Anam yaşlı qadındır, insult keçirib. Onun Səbail rayonu Bibiheybət qəsəbəsindəki evi olmasa idi, indi mən həyat yoldaşım və üç uşağımla küçədə qalmışdım.

Bu qanunsuzluqla bağlı mən həmin gün Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinə, iki gün sonra Bakı Şəhər Prokurorluğuna rəsmi şəkildə ərizə ilə müraciət etdim. Hazırda mənim şikayətimlə bağlı iş Nərimanov Rayon Prokurorluğuna göndərilib.

Zülfəli İsmayılov sanki Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunları, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi yoxmuş kimi davranır.

Azərbaycan Respublikası Konstitusiyasının 1.43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Amma təəssüf ki, mənzilim göz görə-görə qanunsuz şəkildə söküldüyü müddətdə bütün aidiyyəti orqanlar reaksiyasız qaldılar. Hazırda binamız buldozer qabağına verilərək darmadağın edilib. Bizim taleyimiz isə müəmmalıdır”.

Ş.Kərəmov onu da əlavə edib ki, sakinlər binanın yaxınlığında icarədə olan qeyri-yaşayış obyektinin sahibinə 14 milyon manat kompensasiya verildiyini öyrəniblər:

“Həmin qeyri-yaşayış obyektinin ümumilikdə ərazisi bizim binanın ərazisi ilə eynidir. Bütün bu haqsız əməlləri törədən isə Zülfəli İsmayılov və onun qanun tanımayan dəstəsidir. Xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar. Bu hadisə hansısa ucqar kənddə baş verməyib, Azərbaycanın paytaxtı Bakının düz mərkəzində olub.

Bilmək istəyirəm, şəxsi mülkümə icazəm olmadan daxil olunması, evimin darmadağın edilməsi, əşyalarımın naməlum istiqamətdə aparılması, külli miqdarda ziyan vurulması və bir vətəndaş olaraq mənim mülkiyyətsiz qalmağım qanuni sayıla bilərmi? Bu əməlləri törədən şəxslər dövlət qurumlarında çalışmağa davam edə bilərlərmi, yoxsa qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır?”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Şamil Kərəmovun mənzilinə icazəsiz müdaxilə, əmlakına ziyan vurulması ilə bağlı müraciətinə əsasən polis orqanında aparılan ilkin araşdırmalarla onun mənzilinin qeyri-qanuni sökülməsi iddiaları təsdiqini tapmayıb:

“Məlum olub ki, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, 30 ünvanında yerləşən bina müvafiq dövlət qurumları tərəfindən qəbul edilən qərara əsasən sökülüb. Hazırda polis orqanında müvafiq araşdırma aparılır və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Nərimanov RİH-dən isə bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı ilə və Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində yeni istirahət parkının salınması nəzərdə tutulub:

“Bununla əlaqədar olaraq həmin ərazidə yerləşən istismar müddəti bitmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən qəzalı sayılan beşmərtəbəli, üç blokdan ibarət olan 45 mənzilli yaşayış binasında mövcud olan 44 mənzilin sahibinə müvafiq qaydada kompensasiya ödənilməklə köçürülmə işləri aparılıb. Lakin həmin binanın 44 saylı, ikiotaqlı mənzilinin sahibi Şamil Vaqif oğlu Kərimov mənzilinə bazar dəyərindən artıq vəsait tələb edib”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Oxu.Az-ın göndərdiyi sorğuya cavab olaraq isə bildirilib ki, qeyd edilən ərazidə görüləcək işlərə dair komitəyə layihə ilə müraciət daxil olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir