Cəmiyyət

Sədr müavini: “Bakıda bəzi ərazilərdə çoxmərtəbəli binaların tikilməsinə icazə verilməyəcək” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Baş plan tək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətindən ibarət deyil, bu, bütün dövlət qurumlarının fəaliyyətinin cəmləşdiyi sənəddir”. 

Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov “Trend”ə müsahibəsində deyib.

– Bakının Baş planı 2020-2040-ci illəri əhatə edir. Artıq 3 il geridə qalıb, bu faktor Baş planın icrasında çətinliklər yarada bilərmi?

– 2020-ci ildə artıq Bakının Baş planının əsas müddəaları işlənib hazırlanmışdı. Sadəcə, baş verən proseslər, xüsusilə pandemiya, layihənin hazırlanması prosesinə cəlb etdiyimiz mütəxəssislərin işində yaranan fasilələr, razılaşdırma prosesində yaranan yubanma layihənin qəbul olunmasına təsir edən obyektiv amillər idi. Lakin xüsusi vurğulanmalıdır ki, biz komitə olaraq plan üzərində işləyirdik, layihənin əsas müddəları hazırlanmışdı. Ötən müddət ərzində Bakı şəhərinin plansız inkişaf etdiyini demək doğru olmazdı.

Harada nə yerləşəcək, hansı ərazilər yaşayış üçün nəzərdə tutulub, hansı ərazilər rekreasiyaya yararlıdır, bilirdik. Küçələr, yol şəbəkələrinin necə qurulacağı, hansı yerlərin turizm üçün nəzərdə tutulması kimi amilləri müəyyənləşdirmişdik. Əsas inkişaf istiqamətlərimiz müəyyənləşdiyinə görə gündəlik fəaliyyətimizdə də bunları rəhbər tutaraq qərarlar qəbul edirdik.

Eyni zamanda, Baş plan tək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətindən ibarət deyil, bu, bütün dövlət qurumlarının fəaliyyətinin cəmləşdiyi sənəddir. Bu sənəddə bütün dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər nəzərə alınır. Bu müddət ərzində görülən işlər də Baş planda nəzərdə tutulan qərarlarla əlaqələndirilmiş formada aparılır.

Bu amilləri nəzərə alsaq, ötən dövrü itmiş müddət hesab etmirəm.

Baş planın birinci mərhələsi 2020-2027-ci illəri əhatə edəcək. Adətən, mərhələlər 4-5 ili əhatə edir, lakin biz 7 il nəzərdə tutmuşuq, bu da bilavasitə texniki məsələlər, razılaşdırma prosesi ilə bağlıdır. Razılaşdırma mərhələsi olduqca mürəkkəb prosedurdur, çünki bütün dövlət qurumları Baş planın şərtlərini qəbul etməlidirlər.

– Bakının sonuncu Baş planı 2005-ci ilədək olan dövrü əhatə edib, yəni Bakı 18 il Baş plansız inkişaf edib. Mövcud vəziyyət planın hazırlanmasına nə qədər mane olub?

– Baş plandan əvvəl də Bakı üzrə müəyyən ərazi planlaşdırılmaları hazırlanmışdı. Bu sənədlər hazırlanarkən məlumatlar toplanırdı. Baş planın hazırlanması zamanı əsas məsələlərdən biri mövcud vəziyyətin təhlilidir. Planlaşdırma dünya təcrübəsi əsasında, texnoloji yeniliklər nəzərə alınmaqla aparılıb. Çətinliklərə gəldikdə, ən çox məlumatların toplanmasında bununla üzləşirdik, xüsusilə əmlakla bağlı məlumatların toplanıb sistemləşdirilməsində çətinliklər olur. Plan hazırlanarkən bütün qurumlarla sıx əməkdaşlıq qura bildik.

Qeyd edim ki, sənədin hissələrini aidiyyəti qurumlarla razılaşdırmaq, uzlaşdırmaq olduqca çətin prosesdir. Sonda bütün tərəflərin maraqlarını nəzərə alıb, ortaya yekun sənəd çıxarmaq gərgin əmək tələb edir. Bunun öhdəsindən gələ bildik.

– Baş planın icrası istiqamətində 2024-cü ildə hansı addımlar atılacaq?

– 2027-ci ilə qədər müəyyən hədəflər var. Həmin hədəflər növbəti mərhələ üçün bir baza təşkil edir. İlkin mərhələdə vacib məsələlərdən biri nəqliyyat infrastrukturu ilə bağlıdır. Bir neçə vacib istiqamətlərdə nəqliyyat xətlərinin çəkilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Dəmiryol şəbəkəsinin yenilənməsi ilə bağlı proqram da var, bu proqrama uyğun işlər görülür. O cümlədən, kommunikasiya xətləri ilə bağlı işlər əsas hədəflərimizdəndir. Bu işlər ilkin tələb olunan amillərdir ki, digər mərhələnin işləri başlanıla bilsin.

Bərpa olunan enerji üzrə böyük layihələr həyata keçirilir. Bütün bunlar ərazilərin inkişafı üçün özül rolunu oynayır.

– Planda əsas məqsəd kimi Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi göstərilib. Bu haqda geniş məlumat verə bilərsinizmi? Mərkəzlər nəyə xidmət edəcək?

– Ötən əsrin 20-ci illərindən urbanizasiyalaşmanın başlanması ilə müxtəlif şəhərsalma nəzəriyyələri ortaya çıxıb. Bu nəzəriyyələrin üzərində daim təkmilləşmə prosesi gedir. Ötən əsrin 50-ci illərində “peyk” şəhərlər aktiv müzakirə olunmağa başlamışdı. Azərbaycanda Sumqayıt şəhəri də Bakının peyk şəhəri kimi düşünülmüşdü. O dövr üçün Bakının ətrafında peyk şəhərlərin yaradılması nəzərdən keçirilirdi. Həmin dövr üçün bu qərarlar yenilik olsa da, çatışmazlıqlar var idi, zaman keçdikcə bu layihələrin heç də tələblərə cavab vermədiyi məlum olurdu.

70-ci illərdən başlayaraq çoxmərkəzli şəhərlərin formalaşdırılması tezisləri irəli sürüldü. Daim bu nəzəriyyə də yenilənirdi. XXI əsrin əvvəlindən çoxmərkəzli inkişaf yeni meyillər əsasında aparılmağa başlandı. Bakı şəhərinin Baş planının hazırlanmasında haqlı olaraq çoxmərkəzli yanaşma tətbiq olundu. Çoxmərkəzli yanaşma həm mərkəzəqaçma meyillərini azaltma, həm də prosesləri tənzimləməyə imkan verən yanaşmadır. Mərkəzlərin iyerarxiyası isə müxtəlif kateqoriyalı mərkəzləri nəzərdə tutur.

Bakı şəhərində – mərkəzi planlaşdırma rayonu, beynəlxalq termində bu “cbd” adlandırılır – əsas mərkəzlə yanaşı, regional mərkəzlər də təklif olunur. Regional mərkəz olaraq Ələt, Sumqayıt, Mərdəkan istiqamətləri nəzərdə tutulur. Düşünürük ki, həmin ərazilərdə urbanizasiyalaşma prosesi artan templə gedir. Ələtdə azad iqtisadi zona yaradıldı, bu zonanın davamı olaraq orada regional mərkəzin yaradılması daha realdır. Həmçinin, Mərdəkan da tarixən mərkəz rolunu oynayıb, Sumqayıt isə artıq regional mərkəz kimi fəaliyyət göstərir. Sumqayıta müəyyən əlavə funksiyalar verməklə, inkişaf etdirməklə mövqeyinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Regional mərkəzlərdən əlavə, altmərkəzlərin də yaradılması nəzərdə tutulur. Göründüyü kimi, altmərkəzlər aralıq rolunu oynayacaq. Bakının girişləri – Sabunçu, Binəqədi, Lökbatan, Xırdalan, Zığ-Hövsan istiqamətlərinə altmərkəzlərin yaradılması diqqətdədir. Bu mərkəzlərin hər birinin öz funksiyaları olacaq. Bu funksiyalar geniş əhatəlidir, belə ki, Bakının özündə olan funksiyaların əhəmiyyətli bir hissəsi həmin ərazilərdə də olacaq. Əhalinin müəyyən sosial, xidmət, istirahət, əyləncə ehtiyaclarının qarşılanması üçün həmin mərkəzlərdə bütün şərait qurulacaq, məşğulluqla bağlı məsələlərin planda öz əksini tapmasını düşünmüşük. Bu yanaşmalar imkan verəcək ki, dayanıqlı və tarazlaşmış inkişaf təmin olunsun.

– Bakıda Mərkəzi Rayonun yaradılacağı ilə bağlı mətbuatda bir çox məlumatlar yayılmışdı. Layihədə gördük ki, “Əsas şəhər mərkəzi” sistemləşdiriləcək. Bunları eyniləşdirmək olarmı və ümumilikdə “Əsas şəhər mərkəzi” hansı əraziləri əhatə edəcək? Bu mərkəzin yaradılmasında məqsəd nədir?

– Burada əsas diqqət edilən məsələ əhalinin gözlədiyi xidmətlərin əlçatanlığıdır. Məsələn, 5 dəqiqəlik radiusda insanın nə qədər xidmətlə təmin oluna bilməsi məsələsi əsas faktordur. Xidmət dedikdə səhiyyə, təhsil, əyləncə, mədəniyyət, yəni bütün istiqamətləri nəzərdə tuturuq. Mərkəzin üstünlüyü də insanların daha çox xidmətlərlə təmin olunduğu bir məkan olmasıdır.

“Əsas şəhər mərkəzi”nin sərhədləri müəyyənləşdirilir. Mərkəzin şimal sərhədi kimi Bakıxanov küçəsi, qərb sərhədi olaraq Nərimanov prospekti, cənub sərhədi kimi Neftçilər prospekti, şərq sərhədi olaraq Yusif Səfərov küçəsi götürülür. Həmin ərazidə mərkəzi planlaşdırma rayonu yerləşir.

Əhalinin müxtəlif tələbatlarına cavab verən xidmət sahələrinin əksəriyyəti bu ərazidə cəmləşib. Bu ərazi 3 hissəyə bölünüb. Birinci İçərişəhərin yerləşdiyi və onun mühafizə olunan hissəsi, tarix qoruq ərazisidir, burada heç bir dəyişiklik edilə bilməz. İkinci ərazi xüsusi mühafizə zonası adlandırılan ərazidir ki, bu da 450 hektar sahəni əhatə edir. Bu hissədə tarixi memarlıq abidələrinin çox sıx olduğu hissədir. Üçüncü isə 1000 hektardan çox sahəni əhatə edən mərkəzi planlaşdırma rayonudur.

– Layihədə paytaxtımızın nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün hansı işlər nəzərdə tutulub? Paytaxt sakinlərini ən çox maraqlandıran məsələlərdən biri də tramvaydır. Yaxın gələcəkdə tramvay xətlərinin çəkilməsi layihədə varmı?

– Baş plan hazırlanarkən nəqliyyat məsələsi prioritet mövzudur, şəhərin planlaşdırma strukturu məhz küçə-yol şəbəkəsi üzərində qurulur. Bizim də ən çox əhəmiyyət verdiyimiz məsələ bu sahə olub.

Yanaşmalarda birinci istiqamət avtomobil yollarının yenidən qurulması məsələləri idi. Bakının girişlərində və şəhərin daxilində yaranan tıxacların aradan qaldırılması üçün küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Yanaşma belə olub ki, Bakının küçə-yol şəbəkəsi formalaşmış sistemdir və əsaslı dəyişilə bilməz. Burada yalnız alternativ xətlər çəkməklə yüklənmiş yollarda yükü azaltmaq olar. Hərəkətin intensivliyi müşahidə olunan yollara paralel alternativ yolların planlaşdırılması ilə bağlı sistemli tədbirlər düşünülüb. Bu prosesdə aidiyyəti qurumların aktiv iştirakı ilə tədbirlər hazırlanıb və hökumətə təqdim olunub.

İkinci məsələ metro xətləri ilə bağlıdır. Hazırda 27 metro stansiyası var və 2040-ci ilə qədər bu stansiyaların sayının 46-ya çatdırılması nəzərdə tutulur. Bunun öhdəsindən gələ bilsək, şəhərin nəqliyyat məsələlərinin əhəmiyyətli bir hissəsi də metro vasitəsilə həll olunacaq.

Bir sıra yerli mətbuatda Xırdalana metro xəttinin çəkilməsi ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir.

Digər aktiv istiqamət dəmiryol şəbəkəsi ilə bağlıdır, yenidən qurulma üzrə işlər görülür. Bununla bərabər, həm Zirə, həm də Maştağa istiqamətində dəmiryol xətlərinin bərpa və yenidənqurulması ilə bağlı məsələ Baş planda öz əksini tapıb.

Tramvaylara gəldikdə, düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər.

İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı probemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda, yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər.

– Layihədə qeyd olunan “Hibrid Yaşıl Dəhlizlər” barədə məlumat verə bilərsinizmi? Ümumilikdə, Bakıda yaşıllıq zonaları 2040-cı ilə qədər neçə faiz artırılacaq?

– Konkret ərazilərdə yaşıllıqlar azalsa da, bu, ümumilikdə Bakı şəhərində yaşıllıqların azalması demək deyil. Xüsusən Abşeron yarımadasında, hava limanı istiqamətində böyük yaşıllıq zolaqları salınır. Bu gün Bakıda adambaşına 4 kvadratmetr yaşıllıq sahəsi düşür. Baş planda bunun iki dəfə artırılmasını və 8 kvadratmetrə çatdırılmasını planlaşdırırıq. Adətən, böyük şəhərlərdə bir nəfər üçün 8-10 kvadratmetr yaşıllıq sahəsi olur. Həmin yaşıllıq sahələrinin harada olması da Baş planda təsbit olunub. Abşeron yarımadasında, Xocasən gölü ətrafında, həmçinin, Dənizkənarı Milli Parkın Zığ istiqamətində genişləndirildiyi ərazilərdə yaşıllıqlar salınacaq.

“Hibrid Yaşıl Dəhlizlər”ə gəldikdə, bu dəhlizlər çoxfunksiyalı olacaq. Burada təkcə yaşıllıq yox, insanların piyada hərəkəti, velosiped zolaqlarının təşkili nəzərdə tutulur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi plana var.

“Hibrid Yaşıl Dəhlizlər”dən biri kimi Dənizkənarı Milli Parkdan – “Port Baku” yerləşən ərazidən başlayaraq ADA Universitetinin ərazisinə qədər uzanan bir dəhlizin yaradılması Baş plana salınıb. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil etməyə hesablanmış çoxlu sayda yeniliklər nəzərdə tutulub. Həmçinin, oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə “Hibrid Yaşıl Dəhlizlər”in yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur.

– Paytaxtın müəyyən hissələrində ciddi sıxlıq müşahidə olunur. Layihənin icrası sıxlığa necə təsir edəcək?

– Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərində nə qədər binaların tikilə biləcəyi Baş planda nəzərdə tutulub.
Ərazilər sıxlığa görə 4 kateqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı ərazilər.

Yüksək sıxlıqlı ərazilər 9 və daha çoxmərtəbəli binaların olduqları ərazilərdir. Orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş planda öz əksini tapıb və tənzimlənir.

Gələcəkdə hansısa bir sahibkar, qurum bu ərazilərdə fəaliyyət həyata keçirmək istəsə, bu sıxlıqları nəzərə alacaq. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək olmaz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir