Cəmiyyət

Su sayğaclarını şaxtalı havada necə qoruyaq? – VİDEO

Sharing is caring!


Ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında qeyri-sabit və şaxtalı hava şəraitinin keçəcəyi günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin abonentlərə müraciətində bildirilib.

Qurum bildirib ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən “955” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacaq, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcək. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir