Cəmiyyət

“Qoçu çıxmısan” dedi, cəzasını aldı

Sharing is caring!


Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi ilə kobud danışan şəxs cəzalandırılıb.

Oxu.Az məhkəmə istintaqına əsasən, hadisənin təfərrüatını öyrənib.

Masallı rayon Həsənli kəndində yerləşən marketin qarşısındakı bankomatdan pul çıxarmaq istəyən şəxs bankomatın işləməməsini biləndən sonra hirslənib.

Həmin vaxt o bankomatın qəsdən xarab olunmasını güman edib və market sahibi ilə arasında anlaşılmazlıq olub.

Daha sonra o, DİN-nin “102” xidmətinə zəng edərək bankomatdan pul çıxara bilməməsi ilə əlaqədar öz narazılığını bildirib.

O, şikayəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinə çağırılıb.

Şəxs Masallı Rayon Polis Şöbəsinə gəldikdən sonra İstintaq bölməsinin rəisi olan polis mayorunun xidməti otağına göndərilib.

Şəxs polis mayorunun otağına daxil olan zaman səbəbsiz yerə ona “qoçu çıxmısan” ifadəsini işlədib. 

Polis mayoru məhkəməyə ifadəsində deyib ki, şikayətçini dinləyən zaman o, verilən suallara kobud şəkildə cavab verib.

“Şikayətçi davamlı şəkildə səs-küy salmağa, mənim ünvanına nalayiq ifadələr işlətməyə başladı. Bu zaman səs-küyə toplaşmış digər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdilər. Dəfələrlə onu nizam-intizama, xidməti iş fəaliyyətini pozmamağa dəvət etdilər. Ona etdiyi əməlin inzibati xəta olduğunu bildirsələr də, şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdi”, – deyə polis mayoru ifadəsində bildirib.

Bununla belə təqsirləndirilən şəxs digər polis əməkdaşlarına nalayiq ifadələr işlətmədiyini deyib.

Masallı Rayon Məhkəməsi inzibati xətanı törətməkdə ittiham edilən şəxslə bağlı qərar verib.

Qərara əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) 8 gün müddətində inzibati qaydada həbs edilib.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir