Cəmiyyət

İcra hakimiyyətindən Sumqayıtda küləkli havada məişət tullantıları toplanan ərazidəki yanğınla bağlı AÇIQLAMA

Sharing is caring!


Bir neçə gün öncə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın başlayıb. Güclü küləkli hava şəraitində məişət tullantıları toplanan ərazilərdə yanğının baş vermə halları artıq adət halını alıb. 

Məişət tullantıları poliqonlarında utilizasiya prosesi normativlərə uyğun aparılmır? İcra Hakimiyyətlərinin nəzdində olmayan müxtəlif növ tullantıların toplandığı ərazilərdə baş verən yanğınlar zamanı fəsadları kim aradan qaldıracaq? 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə dekabrın 28-də baş verən yanğın Məişət Tullantıları Poliqonunda qeydə alınmayıb:

“Məişət Tullantıları Poliqonuna gəlincə, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu problemin aradan qaldırılması üçün maraqlı tərəf kimi çıxış edir. Poliqonun idarə edilməsi “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC tərəfindən həyata keçirilir. Müqavilə əsasında həmin ərazi icarəyə verilib. İcarədar tərəfindən gündəlik poliqonda çeşidlənmə işləri aparılır və yanğın hallarının olmaması üçün gündəlik olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür.

Bu il ərzində ərazidə bir dəfə yanğın hadisəsi baş verib. Ərazidən keçən elektrik naqilinin qırılması nəticəsində yanğın olub. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən icarədar cərimə olunub”.

Məlumatda o da qeyd edilib ki, Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri aparılıb:

“Layihə aidiyyəti qurumlara təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir