Cəmiyyət

Heydər Əliyev və Xankəndi ili

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bu il Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Daha doğrusu qanımızla, canımızla yazıldı. 

Bu tarixi döyüşən oğullar, gedib qayıtmayan və gedib qayıdan oğullar yazdılar. Gedənlərə min rəhmət, qalanlara uzun ömür arzulayıram! 

Ötən ilin bu günü Xankəndini arzuladım. Bu arzunun həyata keçəcəyinə inansaq da, Xanın kəndə belə ildırım sürəyi ilə qayıdacağını doğrusu gözləmirdik.

Xankəndidə bayraq da ucaldıldı, Vətən müharibəsindəki qələbənin üç illiyinə həsr olunmuş hərbi parad da keçirildi, hələ üstəlik Xankəndi stadionunda Qarabağ MOİK-lə üz-üzə gəldi. Rəmzi ötürməni də Ali Baş Komandan etdi, topu MOİK-ə ötürdü. 

Elə bu arada əslən Xankəndidən olan, yəni orada doğulan Arayik Arutyunyan da birdən dilləndi ki, “bəs, özümü azərbaycanlı hesab edirəm, minə qədər də söz bilirəm Azərbaycan dilində”. Amma düz üç il əvvəl 2020-ci ildə deyirdi ki, Yevlaxı da, Bakını da işğal edəcəyik, Gəncəni də raketlə vurmağı mən əmr vermişəm. 

İrəvandan olan ermənilərin də “valı” dəyişib. Bu il Ermənistanın spikeri Simonyan da dəfələrlə deyib ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması heç zaman olmadığı qədər realdır. 

Əslində hadisələrin bu istiqamətdə inkişafı da onu göstərir ki, müqavilənin bağlanması uzaqda deyil . Və bununla da nəhayət 100 ilin dərd-səri tarixə qovuşacaq. 

Bu il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq Azərbaycanın hər bir yerində, hər qarış torpağında qeyd olunacaq. Tarix boyu parçalanan, ömür boyu parça-tikə olan  Azərbaycan bu gün nəhayət suverendir, ərazi bütövlüyü tamdır. 

Bu bötüvləşmənin özülündə isə qalibiyyət və bundan doğan qürur durur. Heç kim məğlubun yanında olmaq istəmir. Doğma qardaşın olsa belə. Hamı güclünün kölgəsində fırlanmaq, güclünün tərəfində olmaq istəyir. 

Bu gün Azərbaycan həmin o gücdür. 

Bəlkə də çoxları bilmir, amma düz 100 il bundan əvvəl dünyaya göz açan Heydər Əliyev bu həmrəyliyin olmasını, bərkiməsini hamıdan çox istəyirdi. 

Elə həmrəylik hərəkatı da Naxçıvanda başlayıb.  

Düz 34 il əvvəl, 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədləri, daha doğrusu  Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Təbii ki, SSRİ bütün mümkün imkanlarla bunun qarşısını almağa çalışırdı. Amma və lakin xalqın iradəsi nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların görüşməsi üçün sadələşdirilmiş keçid məntəqələri yaradıldı. 

Elə həmin 1989-cu ildən bu günə kimi dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, bütövləşmə gününə çevrildi. 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu tarixi məqamı əbədiləşdirmək üçün dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Bəndlərdən dördünü qeyd edirəm. 

31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.

Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.

Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.

O zaman üçün bu qərarı vermək ürək istəyirdi, cəsarət istəyirdi, siyasi əzm istəyirdi. 100 il əvvəl dünyaya göz açan Heydər Əliyev isə Azərbaycanın ən gücsüz, ən dağınıq, ən kasıb vaxtında mücadilə apardı. 

Hara gedirdisə, cibində Azərbaycanın xəritəsini aparır, dünya liderlərinə xəritə üzərində göstərirdi ki, baxın Azərbaycanın 20 faiz ərazisi ermənilər tərəfindən işğal olunub, bir milyondan çox qaçqın-köçkünü var. Amma o vaxt kimsə səsini çıxartmırdı. Lakin Heydər Əliyev yorulmadan son nəfəsinə qədər mübarizəsini apardı və Lissabon samitində o məşhur sənədin, Azərbaycanın ərazi bütövlüyünün dünya ölkələri tərəfindən qəbuluna nail oldu. Bax, həmin o sənəddir ki, bu gün ərazi halında bütövləşdi, bir oldu. 

Bu gün isə Avropanın bir sıra dövlətləri, hətta okeanın o tayında olan ABŞ belə Azərbaycana etibarlı tərəfdaş deyib, onunla məsləhət-məşvərət edir, pişvazına çıxıb, qarşılayır. Çox gözəldir, möhtəşəmdir! 

Düz 100 il əvvəl parçalanmağa məhkum olunmuş ölkədə dünyaya göz açan Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki düz 100 illiyi üçün Azərbaycan bütövləşdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir