Cəmiyyət

Kiloqramın sayla əvəzləndiyi məkan: Bayramqabağı bazarda vəziyyət necədir? – REPORTAJ + FOTO

Sharing is caring!


Yeni il hazırlıqları Bakıda tam sürəti ilə davam edir. Şəhəri bəzəyən rəngarəng atributlarla yanaşı, dükan-bazarlara axışan insan seli əsl bayram əhvali-ruhiyyəsi yaradır.

Bakının müxtəlif ərazilərindəki yarmarka və mağazalarda Milad ağacı, oyuncaq, hədiyyə tədarükü gördükdən sonra növbə çatır bayram süfrəsinə.  

Təbii ki, bayram süfrəsinə nə düzəcəyini fikirləşənlər də ilin sonuncu gününü ağlabatan büdcə ilə yola salmaq niyyətindədirlər.  

Paytaxt əhli arasında “8-ci km bazarı” ən sərfəli alış-veriş məkanlarından biri kimi tanındığından bayramqabağı vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşları məhz oranı istiqamət seçirlər.

Bazarda bolluq və sıxlıqdır. Yəni piştaxtalarda bayram süfrəsini bəzəmək üçün lazım olan bütün məhsullar var, adam əlindən tərpənmək olmur. Bircə çatışmayan Yeni il atributlarıdır, bir də satıcıların üzündə təbəssüm.

Satıcıların əksəriyyəti alış-verişin zəifliyindən narazılıq edir:

“Əvvəlki illərə nisbətən alıcılıq qabiliyyəti çox zəifdir. Satan çoxdur, alan tapmırıq. Qiymətlər, əslində, normaldır, sadəcə, insanlara çox görünür. Heç pandemiya vaxtı belə deyildi. Deyirlər ki, məhsullar bahadır. Yaxşı, bahadırsa, marketlərdən necə alırlar? Halbuki, bazarda kiloqramı dörd manata olan düyünü marketdə səkkiz manata satırlar. 

Bayram həftəsidir. Vəziyyət göz önündədir. Ötən il bu günlərdə insan əlindən tərpənmək olmurdu. Bu il alıcıların sayı olduqca azdır. Təbii düyünün kiloqramı dörd manata, şabalıd 10 manatadır. Düyü əvvəl beş manata idi, şabalıd isə on iki manata”. 

Yeni il axşamı üçün ərzaq siyahısında yer ala biləcək digər məhsullara gəlincə, müşahidə etdiyimiz qədərilə bazarda qoç ətinin kiloqramını 13-14 manata, mal ətini – 14 manata, kənd toyuğunu – 6-7 manata, kərə yağının kiloqramını 18-23 manata almaq olar.

Çərəz xoşlayanlar üçün nisbətən ucuz məhsul qabıqlı qozdur, kiloqramı dörd manatadır. Kişmiş sevənlərsə bir kiloqramı üçün gərək on altı manatlarından keçələr.

Meyvə-tərəvəz bölümündə də oxşar şikayəti eşidirik. Mürvət Babaşov satdığı məhsulların baha olduğunu etiraf edir:

“Armudun kiloqramı beş manata, bananın – üç manata, kivinin – dörd manata, portağalın – dörd manata, mandarinin kiloqramı dörd-beş manata, ananas beş manatadır. Çoxlarının büdcəsinə görə deyil. Gərək məhsul bizə normal qiymətə gəlsin ki, biz də ucuz sata bilək. Alan da sayla alır, kiloqramla yox. Ucuz olsa, hər kəs alar, doyunca yeyər. Alıcı qüvvəsi zəifdir. Ötən il daha yaxşı idi”.

Satıcı Tərlan Üzeyirov isə qiymətlərin normal olduğunu vurğulayır:

“Qiymətlərdə artım yoxdur. Sadəcə, ötən illərə nisbətən alıcıların sayı azdır. Heç bayram əhvali-ruhiyyələri də yoxdur. Endirimlər də etmişik. Pomidorun kiloqramı iki manata, xiyarın – iki manat yarıma, kartofun – 60 qəpiyə, soğanın – 50 qəpiyə, kökün kiloqramı 70 qəpiyədir. Alıcılıq qabiliyyəti bir neçə aydır ki, düşüb. Halbuki, bolluqdur. Qiymətlər çox aşağıdır. Ümidimizi itirmirik”.

Digər bir satıcı süd məhsullarının heç də pis satılmadığını deyir:

“Alıcılıq əladır. Bizdə hər qiymətə pendir var. Xarici pendirlər də satırıq. Qiymətlər 10, 12, 14, 16 manat civarındadır. Bayrama görə də bahalaşma müşahidə olunmur. Bizdə stabildir”.

Piştaxtaların arası ilə gəzə-gəzə bazarın çıxışına çatırıq. Hava qaralmaq üzrədir. Amma adamların axını səngimir. Birtəhər özümüzə yol açıb, çıxmağa çalışırıq. 

“Ağıllı adam bazardan alış-veriş edər”, – əziyyət çəkdiyimizi görən satıcılardan biri dillənir. Əlimdəki mikrofonu görəndə isə mimikası dəyişir. 

Üzünü kənara çevirib: “Gəl, ay müştəri”, – deyə haraylayır. 

“Bazar olsun!” – deyib sağollaşırıq.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir