Cəmiyyət

Bu gün Xalq artisti Əminə Dilbazinin doğum günüdür – VİDEO

Sharing is caring!


Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin anadan olmasından 104 il ötür.

Oxu.Az xatırladır ki, Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

İlk təhsilini Bakıda 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib.

Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə, 1962-65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967-68-ci illərdə isə “Sevinc” rəqs ansamblına rəhbərlik edib. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub.

Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, Ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın, bu olsun” komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. “Arşın mal alan”, “Ulduz”, “Yallı”, “Sevinc” filmkonsertində lentə çəkilib.

1954-cü il 25 sentyabr tarixində “Azərbaycan SSR Əməkdar artisti”, 1959-cu il 10 iyun tarixində “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. “İstiqlal”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı Ümumdünya Festivalının qızıl medalı ilə təltif olunub. 2002-ci il 11 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir