Cəmiyyət

“Xal” qazanmaq: Ağlını itirənlər, eybəcərlik, murdarlıq, mənəviyyatın çöküşü

Sharing is caring!


Aqşin Kərimov yazır…

Sosial şəbəkələr üzərindən reytinq toplamaq tendensiyaları sürətlə inkişaf edir, insan beyninin yeni-yeni metodlar tapmaq üçün fantaziyası sərhəd tanımır. Belə vərdişlər təkcə Azərbaycana aid deyil, dünya üzrə müşahidə edilən mənzərədir.

Fantaziyanın iki növü var, biri adi marketinq üsuludur, burada bütün etik normalar, mənəvi ölçülər gözlənilir, sadəcə, biri özünün piarını aparır. Ola bilsin ki, reklamını aparan şəxsin təqdimatı ilə onun potensialı tərs mütənasibliyə malikdir – bunun özü də ayrı bir problemdir.

İkinci növdə isə heç bir etik norma, hamılıqla qəbul edilmiş çərçivəli şərtləri, mental qiymətləri heçə sayan kütlə cəmləşib.

Onlar təhlükəlidirlər, çünki belələri mənəviyyatın çöküşünü yaşamış insanlardır. Belə insanlar başqalarının həyat və nüfuzuna xələl gətirməkdən ötrü hər cür iyrənc oyunlara belə getməyi özlərinə şərəf bilərlər.

Nə vicdan sızıltısı, nə də ki vicdan qarşısında hesabatlılıq bunların ruhunda mövcuddur.

Necə ki, sosial şəbəkələrdə “xal”, “şir”, nə bilim hansısa hədiyyə qazanmaqdan ötrü fiziki qüsurlu insanları dövriyyəyə salanları, onların hüquqlarını istismar edərək gündəmdə qalanları tez-tez görürük.

Bəli, ola bilər ki, şəxs özü razılıq versin, lakin piarını murdarcasına aparan şəxs bir şeyi başa düşməlidir – onlar anlaqlı olmaya bilərlər.

Yəni fiziki məhdudiyyətli və ya psixoloji pozuntuları olan insanlar onların hüquqlarının və mənəviyyatlarının necə istismara məruz qaldığını dərk etməkdə çətinlik çəkə bilərlər.

Yaxşı, bəs qarşı tərəfə nə gəlib? Qeyd etdiyimiz nüanslar qətiyyən hansısa problemin qabardılması hallarını əhatə etmir. Dediklərimizin məğzi fiziki və bioloji quruluşunda nöqsanlar olan insanları gülüş obyektinə çevirərək onlar sayəsində virtual nüfuz toplamaq cəhdləri ilə əlaqədardır.

Azərbaycanda qəşəng bir ifadə var: Allah insanın ağlını alınca canını alsın.

Bu, yaşla, insan hüceyrələrinin öz istismar müddətini başa vurması və ya xəstəliklə ilə əlaqədar verilən tərif deyil. Bu, şöhrətpərəstliyin, varlanmağın, pul qazanmağın yollarını iyrənc üsullarla, başqalarının hüquq və mənafelərini tapdalamaqla həyata keçirənlərə kompleks yanaşmanı ifadə edən frazadır.

İş o həddə gəlib çatıb ki, başqa zaman gənclərə öyüd-nəsihət verən, az qala elin-obanın məsləhətçisi kimi tanınan ağsaqqallıq institutu da sosial şəbəkələrin ürəkbulandıran çarxlarında eybəcər formada görünür.

Nədirsə, belə zəhərli iynələr sosial şəbəkə laboratoriyalarında hazırlanır və ictimaiyyətin damarına inyeksiya edilir. İctimaiyyətin damarına daxil olan məhlullar narkotik maddələr kimi asılılıq yaradır. Beləcə, sosial şəbəkələr üzərindən nümayişkaranə şəkildə göstərilən eybəcərlik və mənəviyyatsızlıq dərsləri gündəmin ağırlıq mərkəzinə düşür.

Kütləvi psixozu sakitləşdirmək və onu ağla, məntiqə, mənəviyyata dəvət etmək olduqca çətin işdir. Deməliyik ki, bu məsələdə insan nəslini çox ağır sınaqlar gözləyir.

Xəstə insanları ortaya ataraq pul qazanan kəslər də elə ağlını itirənlər kateqoriyasındandırlar, amma mən şəxsən inanıram ki, ədalətin və haqqın tərəzisi nə zamansa nizam yaradacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir