Cəmiyyət

Nazir şikayət etdi: Müəllim çoxluğunun səbəbi nədir? – FOTO

Sharing is caring!


“Nə qədər ki, tələb-təklif prinsipi gözlənilməyəcək, müəllim artıqlığı bir o qədər qaçılmaz olacaq”.

Bunu ”Qaynarinfo”ya açıqlamasında təhsil eksperti Nadir İslafilov elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə müəllimlərin sayının çox olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, elm və təhsil nazirinin gec və ya tez məktəblərimizdə müəllim çoxluğunu dilə gətirməsi və buna təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur kimi münasibət bildirməsi gözlənilən idi:

“Çünki təhsil sistemində yetəri qədər kadr artıqlığının yaranması artıq danılmaz fakt kimi uzun müddət idi ki, yazılı və elektron medianın gündəmindən düşmürdü və heç də hamı tərəfindən birmənalı qarşılanmırdı. Başqa sözlə, ölkəmizdə müəllimlərin sayının tələbatdan iki-üç dəfədən də çox artıqlığı həllini gözləyən məsələlərdən birinə çevrilmişdi. Çoxlarına məlumdur ki, sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb, bir də orta ixtisas məktəbi fəaliyyət göstərirdi, onların da məzunları ölkədə müəllimə olan tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olurdu. Ozamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirdikdən sonra təyinat əsasında gəldiyi doğma rayonuna göndərilirdi. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi”.

Ekspert bildirib ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı 70-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul olublar:

“1929-cu ildən “Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması”, 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən təhsil müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda 11 filialı yaradıldı. Onların bir əksəriyyətinin taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı. Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən dəyişikliklərin diplomunda müəllim sözü olmayanların müəllim olmalarına imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırdı”.

Nadir İsrafilov qeyd edib ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib:

“Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən altı saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, altı saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir”. 

“Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək” sualına ekspertin cavabı belə olub:

“Vəziyyətdən çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükü stavkasını bir müddət əvvəl olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə, ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini azaltmaqda görürəm. Bu halda xeyli əlavə dərs saatı yarana bilər ki, bu da xeyli sayda müəllimin işlə təmin olunması deməkdir. İbtidai siniflərdə “yığma dərslər” hesabına süni surətdə müəllim artıqlığı yaratmaq da yol verilməzdir. Baxmayaraq ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər ordusunun yaranması, müəllim nüfuzunun sarsılması predmetidir”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin sayının çox olduğunu bildirib. O, bildirib ki, ”Təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur. Elə orta məktəblər var ki, orada 4 ibtidai sinifdə 28-30 müəllim işləyir”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir