Cəmiyyət

Bakıda yarımçıq təhvil verilən park: Şəhərin mərkəzində yerləşən PROBLEM – FOTO

Sharing is caring!


Bakı şəhərində “Qış parkı”nın altından Mirzağa Əliyev küçəsinə (“Winter Park Plaza”ya tərəf) çıxışı olan yeraltı piyada keçidi var. Bu keçidin eyni istiqamətə olan iki çıxışının birində piyadaların sərbəst hərəkətinin davam etdirilməsi üçün pilləkənlər quraşdırılıb.

Lakin digər çıxışda yerin altından yuxarı çıxmaq üçün eskalator quraşdırılsa da, bundan sonra piyadaların öz yolunu davam etdirməsi üçün hər hansı vasitə yoxdur.

Yəni, “Qış parkı” salınarkən icraçı şəxslər işləri sona çatdırmadan, obyekti yarımçıq təhvil veriblər.

O zaman bu tikintiyə, infrastruktura cavabdeh olan qurumlar da iş icraçılarına hər hansı irad tutmayıblar. Nəticədə həmin vaxtdan indiyə qədər piyadalar çıxışdan yola doğru ot örtüyünün üstü ilə irəliləyib əvvəlcə cığır açıblar. Davamlı hərəkət olduğu üçün ot örtüyü məhv olub, torpaq qatı dağılıb, artıq beton qat görünməkdədir. Bakıya yağış yağanda oradan hərəkət edənlər əlavə çətinliklə də üzləşir, palçığa batır, həm öz üst-başlarını, həm də şəhəri palçıqla çirkləndirirlər.

Bu xoşagəlməz mənzərə barədə Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat infrastrukturunun qurulması zamanı əsas məsələlərdən biri də piyadaların sərbəst, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili üçün müvafiq addımların atılmasıdır. Onun sözlərinə görə, nəqliyyat infrastrukturu qurularkən hər hansı bir kiçik nöqsana, səhlənkarlığa yol vermək olmaz:

“Çünki bu işlər çox böyük miqyasa, o cümlədən vətəndaşlarımızın təhlükəsizliyinə, rahatçılığına hesablanır. “Qış parkı” ərazisində yeraltı keçidin çıxışındakı “mənzərə” isə qeyd etdiklərimizin əksini ifadə etməklə, böyük təəssüf doğurur. Açıq-aydın görünür ki, bu işi görənlər sadəcə nöqsana yol veriblər. Bunu görməmək, fərqinə varmamaq mümkün deyil. Çünki yeraltı keçid layihələndirilən zaman onun pilləkənlərində, panduslarında və digər yerlərində ən kiçik detallar belə, nəzərə alınır”.

Ekspert də təsdiqləyib ki, adıçəkilən ərazidə yeraltı çıxışın tikintisi tam başa çatdırılmayıb, səliqəlilik yaradılmayıb: “Orada piyadaların keçiddən çıxdıqdan sonra yolunu davam etdirməsi üçün pilləkən yaradılmalı idi. Düşünürəm ki, aidiyyəti orqanlar, xüsusilə ərazi üzrə müvafiq icra hakimiyyəti, piyada keçidlərinin və digər nəqliyyat infrastrukturunun qorunub saxlanılmasına, istismarına məsul olan qurum tərəfindən bu məsələ ilə bağlı konkret addım atılmalıdır. Qeyd olunan ünvanda yeraltı piyada keçidinin çıxışından səkiyə, asfalt yola, küçəyə qədər keçidi təmin etmək üçün pilləkən quraşdırılmalıdır. Yaxud, bərk örtüyə malik olan materiallardan istifadə etməklə, ərazini səliqə-sahmana salmaq, torpaqla birbaşa münasibəti kəsmək, piyadaların maneəsiz hərəkətini təmin etmək mümkün olar”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirib ki, Azərbaycanda, o cümlədən Bakı şəhərində infrastruktur obyektlərinin qurulmasına vətəndaşların vergilərindən formalaşan dövlət büdcəsindən böyük vəsait ayrılır. O təəssüflə qeyd edib ki, bəzi hallarda infrastruktur quruculuğu başa çatdıqdan sonra təsərrüfatın saxlanılması ilə bağlı çox ciddi manelər, bürokratik problemlər və ciddi təsərrüfatsızlıq amilləri ortaya çıxır:

“İş icraçısı işi elə şəkildə görməlidir ki, yaradılan, qurulan infrastruktur tamamilə insanların rahatlığını və konfortunu təmin etsin. “Qış parkı”nın altından Mirzəağa Əliyev küçəsinə çıxışı olan yeraltı keçiddə biz bunu müşahidə edə bilmirik. Orada yerin altından üstünə doğru eskalator quraşdırılıbsa, təbii olaraq eskalator çıxışından sonra da yola doğru pilləkənlər olmalıydı. Həmin pilləkənlərin yanında paralel olaraq düşmək və qalxmaq üçün hərəkət imkanları yaradılmalı, müyəssərlik təmin olunmalı idi. Bu şərait uşaqları ilə gəzintiyə çıxan valideynlər və əlilliyi olan şəxslər üçün rahat hərəkəti təmin edəcəkdi. Lakin indiki halda həmin ərazidə bu şərait yoxdur”.

Ekspert qeyd edib ki, əraziyə cavabdeh olan qurumlar bu barədə düşünməli, bu təsərrüfatsızlığı, laqeydliyi, şəhər təsərrüfatına biganə münasibəti aradan qaldırmalıdırlar:

“Əgər infrastrukturun biri natamamdırsa, digərini də sıradan çıxarır. Bu proses həm yaşıllıq örtüyünə və yolun torpaq örtüyünə ziyan vurur, həm də digər problemlərə səbəb olur, şəhərin çirklənməsinə şərait yaradır. Düşünürəm ki, bu vəziyyət şəhər təsərrüfatında çox ciddi bir nöqsandır, qüsurdur. Təbii ki, bunun təcili olaraq aradan qaldırılmasına ehtiyac var”.

Mövzu ilə bağlı “Qış parkı”nın altındakı infrastruktura, o cümlədən yeraltı avtomobil dayanacağına, keçidlərə nəzarəti təmin edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq şifahi şəkildə bildirildi ki, AYNA qeyd olunan ərazidə yerin üstünə deyil, yerin altına cavabdehdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir