Cəmiyyət

Rusiya ordusu Ukraynaya ballistik raket və dronlarla zərbə endirib – FOTOREPORTAJ

Sharing is caring!


Rusiya ordusu dekabrın 11-i səhər saatlarında Ukrayna paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra şəhərlərinə ballistik raketlər və dronlarla zərbələr endirib.

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov və Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat “Report”un Şərqi Avropa bürosuna hücumun nəticələrini açıqlayıblar.

M.Şamanov bildirib ki, təxminən bir ay əvvəl, 11 noyabrda olan ssenari üzrə bu gün də paytaxt istiqamətinə ballistik raketlər atılıb:

“Dekabrın 11-də, səhər saat 4-də Rusiya ballistik raketlərlə növbəti dəfə Ukraynaya zərbələr endirdi. Paytaxt istiqamətinə ballistik trayektoriya ilə uçan səkkiz hədəf Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib. Raketlərin qalıqları paytaxtın Darnitsk rayonuna düşüb, nəticədə dörd mülki vətəndaş xəsarət alıb. 1992-ci il təvəllüdlü kişi qəlpə yarası alıb, ona ilkin tibbi yardım göstərilib, üç qadında kəskin stres halı yaşanıb və onlara da yardım göstərilib. Qoloseyevsk rayonunda da qəlpələrin düşməsi ilə bağlı çağırış olub, lakin bu təsdiqlənməyib, çağırış yanlış idi”.

O, raket zərbələri zamanı hava hücumundan müdafiə sistemlərinin dərhal işə düşməməsinin səbəblərinə də aydınlıq gətirib:

“Bu əvvəllər də Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən izah olunub, düşmən ballistik raketlər buraxıb, Hava Hücumundan Müdafiə Qüvvələrinin buna reaksiya vermək üçün yalnız bir neçə dəqiqəsi qalır”.

Yuri İqnat isə bildirib ki, Rusiya Kiyev ilə yanaşı, Ukraynanın digər bölgələrinə də yenidən “Shahed 131/136” PUA-ları ilə zərbələr endirib:

“İşğal olunmuş Krımdan 18 ədəd PUA buraxıldı, amma Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hamısı məhv edildi. Səhər düşmən Ukrayna paytaxtına qarşı növbəti terror aktı həyata keçirib, səkkiz ballistik raket atılıb. Bunlar “İskəndər M” və “S-400” raketləridir. Uzaq məsafədən atılıb. Hava Hücumundan Müdafiə Qüvvələri səkkiz hədəfin hamısını məhv edb – həm şəhər ətrafında, həm də şəhərdə”.

O söyləyib ki, əgər yerüstü hücumla bağlı məlumat olsa, dərhal əhali xəbərdar ediləcək:

“Lakin ya bizim, ya da tərəfdaşlarımızın bu barədə xəbəri yoxdursa, məlumat verilmir. Bu səbəbdən bu gün həyəcan siqnalı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəflərin məhv edilməsi zamanı səsləndi. Xoşbəxtlikdən, bütün hədəflər məhv edilib və çoxsaylı insan itkilərindən qaça bildik. Belə hallar yalnız paytaxtda deyil, həmçinin Ukraynanın cənubunda və şərqində də baş verir – düşmən sürətli ballistik raketlər atır və onlara reaksiya vermək üçün cəmi bir dəqiqə vaxt olur. Bu səbəbdən diqqətli olmaq lazımdır”.

“Report”un əməkdaşı Rusiyanın hava zərbələrindən zərər çəkən yaşayış massivlərinə baş çəkib, fotoreportaj hazırlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir