Cəmiyyət

Azərbaycana böyük etimad: Bakı COP-29-a ev sahibliyi edəcək – ŞƏRH + FOTO

Sharing is caring!


Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP-29) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi barədə dekabrın 9-da məlumat yayıb.

Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundən, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.

İndidən proqnozlaşdırmaq olar ki, Azərbaycan COP-29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas var. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP-29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.

Xatırlatmaq yerinə düşər ki, 2012-ci ildə Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi keçirilmişdi. Həmin vaxt xarici ölkələrin rəyləri, habelə Bakıda turistlərin söylədikləri Azərbaycanda növbəti beynəlxalq tədbirlərin təşkili üçün inam yaratdı.

2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Beləliklə, ölkə daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Əlbəttə, ilk Avropa Oyunlarının rəsmi Bakıya həvalə edilməsi böyük məsuliyyət və həm də etimad təzahürü idi. Bu, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Azərbaycana inamının göstəricisi idi.

2017-ci ildə Azərbaycan daha bir beynəlxalq idman yarışına – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Belə bir möhtəşəm idman yarışının keçirilməsinin Azərbaycana həvalə edilməsi, şübhəsiz, həm də Birinci Avropa Oyunlarına uğurla təşkilatçılıq etməsi ilə bağlı idi. Bundan başqa, bir neçə ildir Azərbaycanda “Formula-1” yarışları keçirilir.

2022-ci ildə Bakıda “Texnofest” festivalı baş tutdu. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi idi. Qonaqlar bu dəfə də Azərbaycandan məmnunluqla qayıtdılar.

Bu ilin oktyabr ayında isə Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi baş tutdu.

Bu siyahını daha da genişləndirmək olar. Göründüyü kimi, Bakı idmandan, mədəniyyətdən siyasi və digər sahələrə qədər ən müxtəlif tədbirlərə ev sahibliyi edib. Bu beynəlxalq tədbirlərə uğurla ev sahibliyimiz bir neçə amillə, o cümlədən yaradılan təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu, habelə əlverişli iqlim şəraiti və əlbəttə, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlıdır.

Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib.

Beləliklə, bir daha söyləyə bilərik ki, Azərbaycan COP-29-da uğurla ev sahibliyi edəcək. Qonaqlar yenə də paytaxt Bakıdan məmnunluqla qayıdacaqlar, xarici KİV Azərbaycanın uğurlu təşkilatçılığından yazacaq, təcrübəmiz ayrı-ayrı ölkələrdə tətbiq olunacaq.

Onu da deyək ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də siyasi əhəmiyyətlidir. Rəsmi Bakı hər dəfə hansısa beynəlxalq tədbirə ev sahibliyi etdikcə nəyə qadir olduğunu dünyaya bir daha göstərir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-15-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir