Cəmiyyət

Psixoloqların üzərindən o adı biz götürə bilmərik

Sharing is caring!


Emilya Tağıyeva yazır…

Bu yaxınlarda məktəblərin birində uşaqların sosial pasportu barədə sorğu vərəqəsi paylandı. İçində ailə üzvləri (hətta baba və nənənin təhsili, ixtisası, əmək fəaliyyəti) ilə bağlı suallardan əlavə, ailədaxili münasibətlər, mənzil şəraiti, uşağın evdə harada, nəyin üstündə yatması ilə əlaqədar olanlar da vardı. Sorğudan belə anlaşılırdı ki, uşağın necə bir ailədə və hansı şəraitdə böyüdüyü araşdırılır.

Əslində addım olaraq alqışlanandır, amma üslub yanlışdır. Çünki bu vərəqəni uşağın valideyni doldurmamalıdır. Etiraf edək ki, anketdə iştirak edən heç bir valideyn tam səmimi olmayacaq (bəziləri otaqların sayını, digərləri təmirini, bir başqası valideyn-övlad münasibətlərini və s. təhrif edəcək). 

Bu məktəb psixoloqunun işidir. O, məsələn, dərslərdə oturmalı, yaxud tənəffüsdə uşaqların davranışını müşahidə etməli və “gözünə kəsdirdiklərinin” özü üçün qeydiyyatını aparmalıdır. Sonra həmin uşaqlarla fərdi söhbət aparmalı və bu anketi də birlikdə doldurmalıdırlar.

Ümumiyyətlə bu psixoloq məsələsinə cəmiyyətmizidə birmənalı yanaşılmır. Bəziləri deyir ki, “xoruz yox idi, səhər açılmırdı? Dədə-babalarımız psixoloq görüblər?” Amma əslində bu çox əhəmiyyətli məsələdir.
Bir neçə gün öncə Rusiyada qorxunc hadisə baş verib. Səkkizinci sinif şagirdi olan Alina adlı qız məktəbə gətirdiyi silahla yoldaşlarına atəş açıb, sonra isə intihar edib. Nəticədə üçü ağır olmaqla beş nəfər yaralanıb, özü və bir qız isə ölüb. Səbəb isə… oğlan. Bəli, sevdiyi oğlanı başqası ilə bölüşə bilmədiyi üçün belə aqressiv yola əl atıb, faciəyə səbəb olub.

Rusiyada olduğunu düşünüb məsələyə biganə yanaşmamalıyıq. Ölkəmizdə də məktəblilər arasında bıçaqlama hadisələri az deyil. Səbəb adətən qız, söyüş, söz götürməmə və sair görünür. Amma əslində problem daha dərində – ailədaxili münaqişə, valideynləri tərəfindən eşidilməmə, sinif yoldaşları tərəfindən bullinq, sosial durum və sair ola bilər.

İçindəki aqressiyanı çıxara bilməyənlər isə intihara əl atır.

Səbəb isə çox sadədir. Hamısı olmasa da, böyük əksəriyyətinin göstərdiyi aqressivliyin kökü yuxarıda qeyd etdiyim anketi uşağın əlinə verib evə göndərən məktəb psixoloqlarındadır. Əksəriyyətimizin “dəli doktoru” adlandırdığı psixoloqlar cəmiyyətin xilası ola, və ya sadəcə bu adın məsuliyyətini üstlərindən ata bilərlər.

Bunu onların əvəzində biz edə bilmərik, amma yardım göstərmək imkanımız daxilindədir. Təki bəzi psixoloqlar vəzifələrinə biganə yanaşaraq dərkanar xətrinə anket doldurmasınlar… Onu da deyim ki, bu gün barmaqarası yanaşdığı şagird sabah ilk növbədə elə onun özünün, doğmalarının məktəbdə oxuyan övladları üçün faciəvi nəticələrə səbəb ola bilər. Yaxud bu gün işlədiyi məktəbdəki şagirdlərin psixoloji vəziyyəti ilə vaxtında və yetərincə məşğul olmayan psixoloqun sabah böyüyüb cəmiyyət içərisinə daxil olan həmin aqressiv şagirdin bəd əməli ilə üzləşməyəcəyinə təminatı varmı?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir