Cəmiyyət

Ağalı sakini: “Heydər Əliyev olmasaydı, Zəngilanda ikinci Xocalı faciəsi baş verə bilərdi” – FOTO

Sharing is caring!


Ağalı kənd sakini Rahilə Almuradova hesab edir ki, Heydər Əliyev olmasaydı, Zəngilanda ikinci Xocalı faciəsi baş verə bilərdi.

O, “Report”un Zəngilana ezam olunmuş əməkdaşı ilə söhbətində həmin dövrdə baş verənləri belə xatırlayır:

“Heydər Əliyev olmasaydı, yəqin ki, ikinci Xocalı faciəsi Zəngilanda yaşanacaqdı. Zəngilan rayonu mühasirədə qaldığı üçün 1993-cü ilin oktyabr ayında Araz çayını keçmək məcburiyyətində qaldıq. İki ay mühasirədə qalsaq da, evimizi tərk etmək istəmirdik, lakin Qubadlının işğalından sonra burada yaşamaq olduqca təhlükəli idi”.

R.Almuradova deyir ki, o zaman kəndin əhalisini qorumaq məqsədilə ümummilli lider Heydər Əliyevin təkidi ilə sakinlərin çayı rahatlıqla keçə bilməsi üçün Araz torpaqla doldurulub suyu azaldılmışdı:

“Əgər belə olmasaydı, yəqin ki, ikinci Xocalı faciəsi Zəngilanda yaşanacaqdı. Doqquz bacı-qardaşın ailəsi qardaşımın “KamAZ”ı ilə Araz çayını keçib İrandan İmişliyə doğru köç etdik. Arazın kənarında ürək çatışmazlığından dünyasını dəyişənlər, eyni zamanda çayda boğularaq ölənlər oldu”.

Sakin bildirib ki, ailənin hər bir üzvü fərqli yerlərə dağılmağa, məskən tutmağa məcbur olub:

“Həyat yoldaşım vəfat etdi, dörd övladımı Zabrat qəsəbəsində yataqxanada tək böyütməyə məcbur oldum. Arazı dörd uşaqla keçmişdim, indi isə doqquz nəvəm və nəticələrimlə doğma yurda qayıtmışam. Prezident İlham Əliyevin xalqa müraciəti zamanı Zəngilanın işğaldan azad edilməsi xəbərini verməsi bizi o qədər sevindirdi ki, yadıma düşəndə indi də sevincimdən gözlərim dolur. Həsrətlə kəndimizə qayıdacağımız günü gözləyirdik”.

R.Almuradova 30 ildən sonra Ağalıya qayıtmasını belə xatırlayır:

“Bir gün “Qaçqınkom”dan zəng gəldi və bizə Ağalıya qayıtmaq istəyib-istəməməyimiz barədə sual verildi. Təbii ki, bu təklifi həmin dəqiqə qəbul etdik. Xoşbəxtlikdən də bura köçən ilk ailələrdən biri biz olduq. Yolboyu sevincdən ağlaya-ağlaya gəldik. Ağalı 30 il sonra bizi yenidən qucaqladı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir