Cəmiyyət

Dövlət orkestrinin həbsdə olan bədii rəhbərinin ailəsinə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Sharing is caring!


Ali Məhkəmədə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirov və orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il müddətinə azadlıqdan məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib. İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Məlikova 52 500 manat pul verilib. Razılaşmaya görə, Lütfi Qədirov azadlığa buraxılacağı halda Xanlar Məlikova daha 50 min manat veriləcəkmiş. İstintaq zamanı məlum olub ki, Lütfi Qədirovun qardaşı Şirxan Qədirov Xanlar Məlikovla sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə tanış olub.

Lütfi Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla üzləşdiyi barədə prokurorluğa müraciət edib. Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə səkkiz min manat cərimə cəzası təyin olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin dövlət ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində səkkiz min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə beş il altı ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb. Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib, lakin şikayətlərini geri götürüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir