Cəmiyyət

Selektiv abort qadağandırsa, ölkəmiz statistika üzrə niyə dünyada birincidir? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Azərbaycan selektiv abortların əhali sayına nisbətinə görə dünya ölkələri arasında liderlik edir. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmiz ciddi problemlə – qadınların azlığı ilə üz-üzə qala bilər. Bu məsələnin sosial tərəfidir.

Məsələnin mənəvi tərəfi daha qorxuncdur.

Selektiv aborta qol qoymaq cinayət olmaqla yanaşı, nadanlığın ən pik həddidir. Bu gün əksəriyyət özünü mədəni hesab edir. Bu “mədəniyyət”i isə ən son model avtomobillərə minməkdə, brend paltarlar geyinməkdə, nadir və çox bahalı saatlar, telefonlar gəzdirməkdə görürlər.

Bununla belə, təfəkkürləri orta əsrlərdə ilişib. Səbəbsə çox sadədir. Əksər ailələr ikinci, üçüncü qız uşağını istəmirlər. Qız istəməyən ana-atalarınsa son nəticədə əli övlad qanına bulanır.

Erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənənlərin çoxu abort qərarı verir. Bu, əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Bu isə nə insanlığa, nə də ki, İslama sığmır. Bunun tək adı var: cahillik.

Selektiv abort qadağandırsa, ölkəmiz statistika üzrə niyə dünyada birincidir?

Məsələylə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, sözügedən məsələ bu günlərdə parlamentin komitə iclasında da müzakirə edilib:

“Mən də o iclasda çıxış etdim. Statistik məlumatları diqqətə çatdırdım ki, əhalinin artım tempində oğlan uşaqlarının sayı kəskin artır. Bu da selektiv abortların sayının artmasının bir sübutudur. Selektiv abortun artmasının digər səbəbi maarifləndirmə işinin zəif olmasıdır. Bu maarifləndirmə işi daha çox səhiyyə sistemində aparılmalıdır. Digər səbəbsə qanunvericilikdə olan boşluqdur. Çox zaman tibbi göstəriş olmadan hamiləlik sonlandırılır.

Dövlət səhiyyə müəssisələrində selektiv abortun aparılma ehtimalı çox aşağıdır. Amma onlarda da belə neqativ hallar var. Lakin özəl müəssisələrlə müqayisədə rəqəmlər aşağıdır. Çünki dövlət tibb müəssisələrində müəyyən sənədləşmələr tələb olunur. Və o sənədləşmələrdə selektiv abortu zəruri edən səbəb göstərilməlidir. Ona görə də dövlət müəssisələrində selektiv aborta az meydan verilir. Amma özəl müəssisələrdə sənədləşmədə subyektivliyə yol verilir”.

Müşfiq Məmmədli məsələ ilə bağlı öz təklifini də səsləndirib:

“Cənab Prezidentin müvafiq fərmanlarında tibb müəssisələrinin akkretidasiyası və onların işindəki keyfiyyətə nəzarət üçün Səhiyyə Nazirliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanların icrasını rəhbər tutaraq Səhiyyə Nazirliyi ölkə üzrə selektiv abortun monitorinqini aparmalı, abortların səbəblərini ciddi şəkildə araşdırmalıdır. Selektiv abortların sənədləşdirilməsi monitorinqdən keçərsə, mən bunun müsbət nəticələr verəcəyinə inanıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir