Cəmiyyət

İpoteka ilə, yoxsa daxili kreditlə mənzil alaq? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Bu gün Bakıda evlər baha olduğu üçün hər kəs birbaşa ödənişlə mənzil sahibi ola bilmir. Buna görə də bir çoxları ipoteka yolu ilə mənzil sahibi olmağa can atırlar. Amma son vaxtlar cəmiyyəti bir sual ciddi şəkildə düşündürür: ipoteka ilə, yoxsa daxili kreditlə mənzil almaq daha sərfəlidir?

Əslində, bu gün vətəndaşlara mənzil almaq üçün iki kredit növü təklif olunur ki, bunlardan biri dövlət ipotekası, digəri isə daxili ipotekadır. Dövlət ipotekası “güzəştli” və “adi” olmaqla iki yerə bölünür. Bundan başqa, bankın və ya tikinti şirkətlərinin müştəriləri üçün təklif etdiyi daxili kreditdən də istifadə etmək olar.

Amma ekspertlər deyirlər ki, ipoteka ilə mənzil almaq daha sərfəlidir.

Araşdırmamızın nəticələrinə görə, bu gün güzəştli ipotekada illik dərəcə dörd faizdir və kreditin maksimum məbləği 100 min manatdır.

Adi ipotekada isə bu, illik yeddi-səkkiz faiz arasında dəyişir və maksimum məbləği 150 min manat olur. Hər iki yolla mənzil sahibi olmaq istəyən vətəndaşlar hər hansı bir bankdan krediti əldə etdikdən sonra istədikləri ərazidə mənzil ala bilərlər. Hər ikisinin də maksimum müddəti 25 ildir. Daxili kreditlə satılan mənzillərdə isə illik faiz dərəcəsi əksər hallarda 12 faizdən yuxarı olur. Belə mənzillər yalnız bəlli yerlərdə və təklif olunan binalarda olmalıdır.

“Ev qiymətləri artsa da, ipoteka məbləği dəyişmir”

Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin münasibəti belə oldu ki, evlərin qiyməti kəskin artsa da, ipoteka məbləğlərinin həcmi artmır:

“Güzəştli ipoteka 100 min manat, adi isə 150 min manatdır. Ancaq mənzillərin qiyməti çox yüksək olduğu üçün güzəştli ipotekadan yararlanmaq istəyən şəxs bankdan götürdüyü kreditin üzərinə böyük məbləğdə vəsait əlavə etməli və sonra mənzil almalıdır. Tutaq ki, vətəndaş yeddi-səkkiz il əvvəl köhnə binalardan 150 min manata üçotaqlı ev alırdısa, bu gün ən yaxşı halda köhnə binalardan ikiotaqlı, yeni binalardan isə birotaqlı mənzil ala bilər”.

Onun sözlərinə görə, tək adam üçün bir otaq yetərlidir, amma bir neçə övladı olan ailə üçün vəziyyət fərqlidir:

“Satmaq istəsə də, ipotekada olduğu və aylıq ödəniş etdiyi üçün sata bilmir. 20 il əvvəl “xruşşovka” layihəli binada birotaqlı mənzilin satış qiyməti dörd-beş min manat, ikiotaqlılar beş-yeddi min manat, üçotaqlılar 7-10 min manat arasında dəyişirdi. Amma bu gün həmin binalarda birotaqlıların qiyməti 90 min manatdan yuxarıdır. İkiotaqlılar 130-140 min manata, üçotaqlılar isə daha bahadır.

Son illər qiymətlər dayanmadan artır. Yeni tikilmiş binalardakı birotaqlı təmirli mənzillərin satış qiyməti yerləşdiyi əraziyə görə dəyişir. Belə ki, mərkəz və mərkəzə yaxın ərazilərdə təxminən 130-140 min manatdan da bahadır. Köhnə doqquzmərtəbəli binalardakı birotaqlı mənzillərin satış qiyməti 100 min manatdan yuxarıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir