Cəmiyyət

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: “Başımızı yerə soxmuşdu”

Sharing is caring!


Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Vəfa Nurəddin qızı Həsənovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2004-cü ildə hərbi xidmətdə olarkən bacısı bir nəfər qoşulub qaçıb. O, hərbi xidmətdən gəldikdən sonra ailələri barışıb, Vəfa onlara gəlib-getməyə başlayıb və bacı-qardaş kimi onların normal münasibətləri olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin aprel ayında bacısının əxlaqsızlıqla məşğul olmasını eşidib: 

“Bacım həmin vaxta qədər də əxlaqsızlıqla məşğul olurmuş, lakin məndən başqa bunu hamı bilirmiş. Sonra təxminən may ayının ortalarında anamla birlikdə Vəfanın evinə getdik. Ona etmiş olduğu hərəkətin bizim başımızı aşağı elədiyini və qohum-əqrəba içərisində hörmətdən düşdüyümüzü dedim. Bacım isə nə mənim, nə də anamın sözünü eşitdi və bizə – “özüm bilərəm, istədiyim kimi yaşayıram, mənim həyatımın heç kimə aidiyyəti yoxdur”, – deyə bildirdi. Bu hadisədən bir neçə gün sonra bacım oğlu telefonuma zəng vuraraq anasının evdən çıxdığını, tapa bilmədiyini və buna görə də polis şöbəsinə gedəcəyini söylədi. Sonra o, polis şöbəsinə gedərək bu barədə məlumat verdi. Şöbənin həyətinin qarşısında yeznəm mənə Vəfa ilə bacara bilmədiyini və bacımın onu da söyərək təhqir etdiyini dedi. Bir qədər sonra polis əməkdaşları bacımı tapdı, şöbədən çıxaraq yaşadığım evə getdim. Bu hadisədən sonra öz həyatıma davam etsəm də, yenə də bacımın əxlaqsız əməlləri barədə məlumat aldım və dost-tanış arasında hörmətdən düşdüm.

Bu məqsədlə yenə 2023-cü il iyunun 24-də saat 17 radələrində Vəfanın yaşadığı evə getdim. Həyətin darvazasının qapısı bağlı idi və qapını döydükdə bacım oğlu qapını açdı. Evə daxil olduqda yeznəm zalda əyləşmişdi, bacım isə qızı ilə birlikdə yataq otağında çarpayının üzərində idi. Bacıma bir daha bu əməllərinə son qoymağı, lazım gələrsə, ona maddi yardım etməyə hazır olduğumu dedim. Lakin Vəfa sözlərimə qulaq asmadı və əsəbi halda – “bu həyat mənimdir, istədiyim kimi də yaşayaram”, – deyə söylədi. Əməllərinə son qoymasını xahiş etsəm də, Vəfa yenə də eyni cavabları verdi. Əsəbiləşdim və evin içərisinə doğru giriş otağının yanına getdim. Orada olan mətbəx bıçağını götürüb, şalvarın belinə qoyaraq yenidən Vəfanın olduğu yataq otağına daxil oldum. Otaqda bir daha bacıma – “gəl çıxaq gedək, sən bizim başımızı aşağı eləmisən”, – dedim. Vəfa yenə eyni cavab verib ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək bacımın üz nahiyəsindən iki dəfə şillə vurdum və şalvarın belinə qoyduğum bıçağı çıxararaq Vəfanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə endirdim. Həmin vaxt otaqda bacım qızı da var idi, ona fikir verməmişdim. Daha sonra evdən çıxdım, bıçağı həyətə atdım və könüllü təslim olmaq üçün Bərdə Rayon Polis Şöbəsi istiqamətində avtomobil yoluna tərəf getdim. Təxminən saat 18 radələrində asfalt yola çıxdıqda PPX-nin əməkdaşlarının olduğu maşını gördüm, onlara yaxınlaşaraq cinayəti törədənin özüm olduğunu bildirib təslim oldum. Sonra polis əməkdaşlarının avtomobilinə əyləşdim. Onlar da məni polis şöbəsinə apardılar və orada törətdiyim cinayət əməlini etiraf etdim”.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir