Cəmiyyət

Gürcüstanın 103 yaşlı Əməkdar jurnalisti: “Qarabağın bütün kəndlərini at belində gəzmişəm” – FOTO

Sharing is caring!


103 yaşının olmasına baxmayaraq, o, sərbəst, heç kimin köməyi olmadan hərəkət edir, təsərrüfatla məşğul olur, əkib-becərir, hətta yazıb-yaradır da.

Söhbət Gürcüstanın Bolnisi rayonunun Qoçulu (Çapala) kəndində yaşayan Əməkdar jurnalist, “Şərəf” ordenli azərbaycanlı ziyalı, yazıçı, şair Dünyamalı Kərəm oğlu Əliyevdən gedir.

“Report”un yerli bürosu xəbər verir ki, bir əsrdən artıq ömür sürən D.Əliyev 28 aprel 1920-ci ildə Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.

İndiyədək yeddi kitabın müəllifi olan ziyalı yazılarını Azərbaycan və Borçalı mahalına həsr edib.

“Yenə yazıram, bəs nə? Bu yaxında yeni kitabım çıxacaq. Orada təzə şeirlərim var. Kitabın adı “Mən ki 100 il yaşamasam” adlanır”, – o deyib.

“Mən ki 100 il yaşamasam,

Günah mənim özümdədir,

Səadətim, ülfətim, gülər üzümdədir”.

Bu cümlələri deyəndə gülümsəyir. Deyir, şeirin həcmi böyükdür, yadında qalmayıb, kitabım çıxanda özünüz oxuyarsınız. Söhbətin şirin vaxtında Dünyamalı müəllimdən 100 ilin sirrini öyrənmək istəyirik. “Yaşamasaq, günahı özümüzdə axtaraq”, – gülərək deyir və əlavə edir ki, kitabı oxuyun, biləcəksiniz.

Deyir, çıxaq bayıra – təmiz havaya, çıxırıq. Qoçulu kəndi haqda danışır. Onun sözlərinə görə, bu kəndin sakinlərinin əksəriyyəti Qazax rayonunun Qıraq Kəsəmən kəndindən köç edib:

“İlk olaraq bu kəndə XVIII əsrdə 12 ailə gəlib. Dünyamalılar, Omarlar, Şirətlər, Qərədələr, Rəfərlər və s. Zaman keçdikcə Faxralı və digər yaxın kəndlərdən gələnlər də olub. Beləliklə demək olar ki, XX əsrin əvvəllərində Qoçulu kəndində 400 ev olub. Bu kənd Bolnisi rayonunda ən aktiv, ən irəlidə gedənlərdən biri olub. Kəndin adını bir neçə dəfə dəyişməyə çalışsalar da, alınmayıb. Amma indi adını dəyişib Çapala qoyublar”.

“Mən Dünyamalı Kərəməm,

Sakit Arazam, dəli Kürəm,

Ölənədək nə ola görəm

Öz kəndimin öz adını,

Qoçulu kimi kənd adını”, – şeirindən bir bənd deyir.

Bizə kəndin yuxarısında olan qalanı göstərir. Deyir, ora Qoçulu qalasıdır, gedək oraya. Razılaşıb yola düşürük. Qalanın yanına çıxıb kəndə baxanda başa düşürük 100 yaşın sirrini. Təmiz hava, təbii məhsullar, gözəl mənzərə. Bir şair üçün ideal yerdir, yazıb-yaratmaq üçün.

“Yazıb-yaratmaq eşqi də bu gözəl təbiətdə ömrü uzadır”, – deyir Dünyamalı müəllim.

“Bu yaşa qədər millətim üçün çalışmışam. Onların təhsilli olmağı üçün var gücümü sərf etmişəm. 1937-40-cı illərdə Tbilisi Pedaqoji Məktəbində təhsil almışam. Buranı bitirdikdən sonra gürcü, erməni və azərbaycanlıların bir yerdə təhsil aldığı məktəblərin birində müəllim kimi fəaliyyət göstərmişəm. Bir il sonra təhsil aldığım məktəbə dərs hissə müdiri təyin olunmuşam. Qısa zamandan sonra isə həmin məktəbin direktoru kimi işimi davam etdirmişəm. Doqquz il pedaqoji fəaliyyətimdən sonra isə 1949-cu ildə Bakıya ali təhsil almaq üçün yollanmışam”, – deyə 103 yaşlı ziyalı bildirib.

Ali təhsil aldıqdan sonra isə yazmaq sevdası və maarifləndirmə istəyi Dünyamalı müəllimi jurnalistikaya gətirib. “Kommunist” qəzetinin Bakı üzrə müxbiri kimi çalışıb. Daha sonra isə Qarabağa – Xankəndiyə xüsusi müxbir olaraq ezam olunub:

“1954-57-ci illərdə Qarabağda – Xankəndidə “Kommunist” qəzetinin xüsusi müxbiri kimi çalışmışam. Dörd ilə yaxın işlədiyim zaman ərzində mənə üçotaqlı ev vermişdilər. Qarabağın bütün kəndlərini at belində gəzmişəm”.

Dünyamalı Əliyev uğurlu karyerasını anasının istəyi və təkidi ilə yarıda qoyduğunu deyir:

“Anam mənim üçün darıxdığına görə bütün işimi atıb qayıtdım kəndimə. İşdən çıxmağımla bağlı ərizəmə imza atmağa müdirin əli gəlmirdi. Amma mən anama görə gəldim”.

“Şərqə şölə saçan Odlar Yurdunun

Mirvari tacıdır doğma Qarabağ,

Babamız Babəkin düşmən başını

Üzən qılıncıdır doğma Qarabağ!

Dünyamalı Kərəm,

Söz de tutarlı,

De ki, şirindir, dili vüqarlı

Məğrur Murov dağdan axan baharlı,

Zümrüd yamacıdır doğma Qarabağ!” – Qarabağdan söz düşmüşkən ona həsr etdiyi şeirini deyir. 

Kəndinə qayıtdıqdan sonra D.Əliyev həm məktəb direktoru kimi fəaliyyətini davam etdirir, həm də “Sovet Gürcüstanı” qəzetində fəaliyyət göstərir. İşlədiyi dövrdə “Gürcüstanın Əməkdar jurnalisti” adına layiq görülüb, “Şərəf” ordeni ilə təltif edilib. Amma bir arzusu ürəyində qalıb – Azərbaycanın da Əməkdar jurnalisti olmaq…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir