Cəmiyyət

Yeni doğulmuş körpələrini küçəyə atan qadınları hansı cəza gözləyir? – FOTO

Sharing is caring!


Bir neçə gün əvvəl Sumqayıt şəhərində anası tərəfindən küçəyə atılmış körpə xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, doğulduqdan dərhal sonra anasının imtina etdiyi körpə 7 ay xəstəxanada saxlanılsa da, orada dünyasını dəyişib. Baş vermiş bu hadisə bir çox suallar yaradıb.

Bəs öz körpəsini küçəyə atan insanlar hansı məsuliyyəti daşıyırlar? Köməksiz vəziyyətdə qalan körpə dünyasını dəyişsə və ya sağlamlığı pozulsa, onun valideynini və ya küçəyə atan digər şəxsi hansı cəza gözləyir?

Əslində buna bənzər hadisələr ilk dəfə olmadığından cəzalandırmalara da az şahidlik etməmişik. Bu ilin yanvarında Masazır qəsəbəsində yenicə dünyaya gətirdiyi körpəsini 5-ci mərtəbədən asfalt yola atan 1994-cü il təvəllüdlü T.Əkbərova onu qətlə yetirməkdə təqsirli bilinib. Qadın Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib. Övladını öldürən anaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib, üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

Digər hadisə 17 iyulda Sabunçu qəsəbəsində qeydə alınıb. Yenidoğulmuş körpəsini zibil qutusuna atan qadın da məhz Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilib. Hadisə vaxtı uşağın səhhətinə ciddi ziyan dəymədiyindən o, nisbətən yüngül maddə ilə ittiham edilib.

Hüquqşünaslar deyirlər ki, bu kimi əməllər adətən Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə məsuliyyət yaradır.

Vəkil Vasif İsrafilov bildirib ki, bura valideynin özünümüdafiə imkanı olmayan körpəsini harasa atması, həkimin xəstəyə bilərəkdən yardım göstərməməsi, hər hansı bir şəxsin yataq xəstəsi olan şəxsi bilərəkdən sahibsiz qoyması və digər halları aid etmək olar: 

“Qanunda bildirilir ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, bu cinayət məsuliyyəti yaradır. Belə bir hal istintaqla müəyyən edilərsə, təqsirləndirilən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddəyə əsasən ictimai təhlükəlilik ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanlarından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlib. Həyat və sağlamlığı üçün yaranmış təhlükəli vəziyyət, habelə özünü qorumaq imkanından məhrum olma bir neçə amillə bağlı ola bilər. Bunlardan biri də təhlükədə qalan şəxsin azyaşlı olmasıdır. Azyaşlının həyat və sağlamlığı real təhlükəyə məruz qalarsa, bu maddənin tərkibi ilə təhlükədə qoyan cinayət məsuliyyətinə cəlb edilir. Valideynin köməksiz vəziyyətdə qalan azyaşlı uşağa qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması cinayət məsuliyyətinin yaranmasına səbəb olur”.

V.İsrafilov əlavə edib ki, yeni doğulmuş uşaq istisna olunmaqla ananın əməllərində təhlükədə qoymadan başqa digər əlamətlər varsa, bu hal daha ağır cinayət məsuliyyətinə səbəb ola bilər: 

“Belə hal konkret olaraq uşağı yalnız təhlükədə qoymaqla kifayətlənmədikdə yarana bilər. Ana öz uşağını təhlükədə qoyduqda onun niyyəti uşağı öldürməyə, sağlamlığına xəsarət yetirilməsinə yönəlibsə, bu halda onun əməli qəsdən adam öldürmə, qəsdən sağlamlığa xəsarət yetirmə və sair cinayət tərkibini yarada bilər. Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən ananın yeni doğduğu uşağı qəsdən öldürməsi cinayət məsuliyyətini yaradır. Bu maddə ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsini nəzərdə tutur və əməli törətmiş şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Vəkil əlavə edib ki, Məcəllənin 121-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan cinayət qəsdən adam öldürmənin yüngülləşdirici hallarından biri hesab olunur: 

“Bu cinayət ona görə yüngülləşdirici hallarda qəsdən adam öldürmənin bir növü hesab edilir ki, yeni doğduğu uşağı qətlə yetirən qadının psixologiyası kəskin deformasiyaya uğrayır, o, öz hərəkətləri üzərində nəzarəti qismən itirir. Eyni zamanda, hamilə qadının hamiləlik müddətində və doğum zamanı orqanizmində gedən mürəkkəb proseslər onun normal fiziki qabiliyyətini də müəyyən qədər məhdudlaşdırır. Orqanizmdə gedən psixo-fizioloji proseslərin təsiri altında belə qadınların xasiyyəti dəyişir, onlar səbirsiz olurlar, heç bir səbəb olmadan və tez-tez əsəbiləşirlər və s. Orqanizmin belə vəziyyəti hamilə qadının öz iradəsindən asılı olmur. Hamilə qadının doğum vaxtı və doğuşdan qısa müddət sonra psixo-fizioloji vəziyyəti onu müəyyən qədər məhdud anlaqlılıq vəziyyətinə salsa da, tam anlaqsız etmir. Məhz bu səbəbdən təqsirkarın cinayət məsuliyyəti istisna olunmur. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi bir sıra sosial-psixoloji səbəblərlə əlaqəli ola bilər. Çox vaxt belə cinayətlər nikahdankənar, faktiki nikah münasibətlərindən hamilə olan qadınlar tərəfindən törədilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir