Cəmiyyət

“Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib – FOTO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Faiq Məmmədov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, FHN yanında İctimai şuranın üzvləri, Fövqəladə Hallar könüllüləri və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları və proqramlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi və Muzeylə tanışlıq olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəxsi heyətin təntənəli keçidi olub. Tədbir iştirakçıları FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən təqdim edilən nümunəvi çıxışları izləyiblər.

Daha sonra akt zalında davam edən tədbirdə, əvvəlcə ulu öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən film təqdim olunub.

Sonra tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov çıxış edib. Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasiminin xalqımızın və dövlətimizin tarixində çox əlamətdar bir vaxta – müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini məmnuniyyət hissi ilə qeyd edən nazir, bu gün Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan ölkəmizin qazandığı nailiyyətlərin ulu öndərin onilliklər boyu davamlı inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc aldığını vurğulayıb.

Bu ilin oktyabr ayının 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaltması Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərimizin, Qələbəmizin zirvə nöqtəsi, Azərbaycanın yenilməz gücünün və qüdrətinin rəmzi oldu.

Nazir bildirib ki, ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən öz siyasətində daim gənclərə qayğı göstərib, sağlam gəncliyi milli inkişaf strategiyamızın tükənməz mənbəyi adlandırıb, gənclərin himayədarı kimi çıxış edərək milli və vətənpərvər ruhda sağlam düşüncəli yeni nəslin yetişdirilməsi, cəmiyyətin bu təbəqəsinin ictimai-siyasi fəallığının artırılması sahəsində misilsiz işlər görüb.

K.Heydərov qeyd edib ki, ulu öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə dövlətimizin parlaq gələcəyi, Vətənimizin daha da inkişafı üçün böyük səylə çalışır, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında yaxından iştirak edir. Qürurverici haldır ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Nazir vurğulayıb ki, gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fədakarlıq, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan möhtəşəm layihələr öz müsbət nəticələrini verməkdədir.

Sonra nazir qeyd edib ki, ölkəmizdə könüllü təşkilatlarının formalaşması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramı da formalaşıb. Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə hadisə nəticəsində zərərçəkmiş insanlara könüllülər tərəfindən zəruri yardım və dəstək göstərməkdən ötrü 24 iyul 2023-cü il tarixində “Fövqəladə Hallar Könüllüləri” proqramına start verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən sentyabrın 12-də başlayan müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, fiziki göstəriciləri, sosial aktivliyi, dünyagörüşü və fövqəladə hallar sahəsinə olan maraqları qiymətləndirilməklə, qeydiyyatdan keçən 500 nəfərdən artıq gəncdən 50-yə yaxın namizəd mütəxəssislər tərəfindən müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlərə cəlb olunub.

Nəticə etibarilə, təlimləri uğurla başa vuraraq sertifikatlar alan könüllülər əvvəlcədən qeyd edilən istiqamətlər üzrə qruplara bölünərək Fövqəladə Hallar könüllüləri olaraq fəaliyyətə başlayacaqlar.

Nazir bildirib ki, ölkəmizdə reallaşdırılan könüllülər proqramları çərçivəsində ilk dəfə olaraq “Fövqəladə Hallar Könüllüləri” proqramının iştirakçılarının sağlamlığı bu layihənin sığorta tərəfdaşı olan “Azsığorta” ASC tərəfindən sığortalanıb.

Çıxışının sonunda müsabiqədə uğur qazanan Fövqəladə Hallar könüllülərini təbrik edən nazir Kəmaləddin Heydərov onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini ifadə edib.

Sonra Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış edərək əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Azərbaycan gənclərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Q.Xəlilov Azərbaycan könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verərək, Fövqəladə Hallar Könüllüləri proqramının həyata keçirilməsinin könüllülər hərəkatının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra tədbirdə bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan könüllülərinin ilk xarici yardımı kimi qardaş ölkədəki fəaliyyətindən bəhs edən videoçarx, habelə “Fövqəladə Hallar Könüllüləri” proqramının təqdimat və təlimləri barədə videoçarx nümayiş olunub, proqramın loqo və könüllülərin geyim formasının təqdimatı keçirilib. Fövqəladə Hallar könüllülərini təmsil edən Ayla Aslanlı və Emin Ocaqverdiyev respublikamızda könüllülər hərəkatının yaradılmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Daha sonra könüllülərə Fövqəladə Hallar Nazirliyinin hədiyyələri təqdim olunub.

Sonda mərasim iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir