Cəmiyyət

Beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişaf

Sharing is caring!

      31 il əvvəl fəaliyyətə başlamış Yeni Azərbaycan Partiyası hələ yarandığı vaxtda ölkədə siyasi sistemin yaradılmasına  çox böyük töhfə vermişdir. Bu gün Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizdə  demokratik cəmiyyətin atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi kimi biri-birindən vacib məsələlər ölkəmizdə öz həllini tapdı. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsində Azərbaycanın inkişaf təcrübəsi dünyaya nümunə göstərilir.

         Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.  20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib.  Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib; 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir.  Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib.  İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib.  Sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib.  Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib. Ötən müddət ərzində məhsul buraxılışının nominal həcmi 13,5 dəfə böyüyüb, əhalinin gəlirləri 10,5 dəfə artıb. Respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb. Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatıb. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub.  

Beləliklə, Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub.

 Qənimət İsrafilova,

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir