Cəmiyyət

Almaniyadakı Azərbaycanlı Həkimlərin Təqaüd Proqramının ilk qaliblərinin adları AÇIQLANDI

Sharing is caring!


Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunda Təqaüd Proqramının ilk qalibləri müəyyən olunub.

Oxu.Az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirilib ki, bunlar həkim Nərmin Quliyeva, Azərbaycan Tibb Universitetinin məzunu Gülnarə Abdullayeva və Türkiyədə təhsil alan tələbə Təbriz Məmmədlidir.

Qeyd edək ki, tədbirdə Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları iştirak ediblər.

Forum zamanı ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində II forumun təşkilinin çox böyük önəm kəsb etdiyi, respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun bütün sahələrlə yanaşı, xaricdə təhsil və inteqrasiya məsələlərinə, diaspor quruculuğuna xüsusi qayğı və diqqət göstərdiyi, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan diasporunun yeni mərhələyə qədəm qoyduğu, milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər diqqətə çatdırılıb.

Forumda müxtəlif təqdimatlar və məruzələr təqdim olunub, Almaniyanın səhiyyə sistemində önəmli mövqelərə malik olan azərbaycanlı həkimlərin elmi nailiyyətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin portreti təqdim edilib və xatirə şəkli çəkilib.

II Forum iştirakçıları tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir