Cəmiyyət

Dövlət Komitəsinin sədri: “Neokolonializm siyasəti yürüdən ölkələrə qarşı birgə mübarizə aparmalıyıq”

Sharing is caring!


“Neokolonializm siyasəti yürüdən ölkələrə qarşı birgə mübarizə aparmalıyıq”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası kimi misli görünməmiş bir çağırışla necə mübarizə aparacağı barədə çaşqınlıq keçirdiyi bir dövrdə Azərbaycanın sədrliyi altında məhz Qoşulmama Hərəkatı qlobal səylərin birləşdirilməsində önəmli rol oynayıb:

“2020-ci ilin mayında hərəkatın onlayn zirvə görüşü və daha sonra dekabrında BMT Baş Assambleyasının məsələ üzrə xüsusi sessiyasının keçirilməsi bunun bariz nümunəsi olub. Bu fəaliyyətlərə əlavə olaraq, hərəkatın yeni yaradılmış Parlament Şəbəkəsi və Gənclər Təşkilatı kimi təsisatlarının çoxtərəfli əməkdaşlığa ciddi töhfə olduğunu böyük qürur hissi ilə qeyd etmək istərdim”.

Dövlət Komitəsinin sədri xatırladıb ki, 2023-cü ilin iyul ayında Əlaqələndirmə Bürosunun Nazirlər Görüşündə İlham Əliyevin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması üzərində işlərin getdiyini bəyan etməsindən bir neçə ay keçir:

“Budur, artıq Azərbaycan sədr olaraq digər üzv ölkələrlə birgə hərəkatın qadın ölçüsü istiqamətində də aktivləşməsi məqsədilə əməli addımlar atmaqdadır. Bu gün sizinlə birlikdə bu möhtəşəm konfransda qadın və qızların hüquqlarının qorunması və səlahiyyətləndirilməsi sahəsində ideya və təşəbbüslər ətrafında birləşə biləcəyimiz təşəbbüsün ilk təməl daşlarını qoymaqdayıq. Biz bu vasitə ilə insan hüquqlarının daha etibarlı qorunması sahəsində ən yaxşı təcrübələrin öyrənilməsinə, ədalət və humanizm ideallarına sadiq qalmaqla, beynəlxalq arenada ortaq maraqlarımızı qorumağa nail ola bilərik”.

“Dünyada hələ də neokolonializm meyilli siyasətlərə üstünlük verən ölkələr var və bizim onların müstəmləkəçilik planlarına qarşı birgə fəaliyyətimizin önəmini vurğulamaq lazımdır. Biz özünü beynəlxalq hüququn müdafiəçisi qismində təqdim edərək Qoşulmama Hərəkatına üzv ölkələrdə cinayətlər törətmiş dairələrə qarşı səylərimizi birləşdirə və onun ağır nəticələrindən əziyyət çəkənlərin, qadın və uşaqların pozulmuş hüquqlarının bərpası üçün birgə çalışa bilərik”, – B.Muradova bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir