Cəmiyyət

Füzuli sakini: “Buradakı şəraiti görəndə keçmişdən ayrılıb, ümid dolu gələcəyə baxıram” – FOTO

Sharing is caring!


“Füzulidə yeni inşa edilən binaları, tikinti meydançasını, həmçinin burada yaradılan şəraiti və gündən-günə canlanan şəhəri görəndə keçmişdən ayrılıb, ümid dolu gələcəyə baxıram”.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Füzuli şəhər sakini Anar Hüseynov deyib.

1979-cu ildə Füzuli şəhərində anadan olan həmsöhbətimiz doğma yurdu Ermənistan tərəfindən işğal olunan zaman 15 yaşında olub. Onun sözlərinə görə, bu şəhərin yerlə-yeksan edilən hissələrinə baxan zaman işğal günlərini ürək ağrısı ilə xatırlayır:

“Lakin Füzulinin yenidən qurulmasını görəndə qürur hissi keçirirəm”.

A.Hüseynov məcburi köçkün kimi yaşadığı dövrlə bağlı çətinliklərdən danışıb:

“Füzulidən köçəndən sonra Beyləqanda məskunlaşmışdıq. Daha sonra Bakı şəhərinə köçdük və qarajda yaşayırdıq. Çox çətin günlərimiz olub. Təsəvvür edin, kiçik bir yerdə yaşayırdıq. Yay çox isti, qış isə soyuq keçirdi. Allaha şükürlər olsun, bu günümüzə gəlmişik. Geniş və çox gözəl otaqları olan evə sahibik”.

Füzuli sakini doğma şəhərində yaradılan şəraitdən məmnun olduğunu vurğulayıb:

“Füzuli gözümüzün qarşısında yenidən qurulur, bərpa edilir. Evimizə gəlincə, bura sözlə ifadə olunmayacaq dərəcədə gözəldir. Bizə dördotaqlı ev verilib. Bundan artıq nə olmalıdır ki? Təsəvvür edin, bundan qabaq birotaqlı yerdə yaşayırdıq”.

O, ailəsi ilə birlikdə Füzuliyə iki ay qabaq köçdüyünü xatırladıb:

“Burada gördüklərimə əsasən deyə bilərəm ki, belə yaradılan müasir şəraitdən kimsə narazı qala bilməz. İlk öncə qeyd etmək istərdim ki, Füzulidə qısa müddət ərzində çox böyük, gözəl işlər görülüb. Müasir standartlara uyğun olaraq, geniş otaqlı evlər inşa edilib”.

A.Hüseynov hesab edir ki, hər bir keçmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərə qayıtmalıdır:

“Burada yaşamaq hər birimizin borcudur, çünki bu torpaqların hər qarışında bizim firavan yaşamağımız üçün canını fəda edən şəhidlərimizin qanı var. Odur ki, mən burada nədən və niyə narazı olmalıyam?!”

Füzuli sakini vurğulayıb ki, hər gün düşmənin vəhşiliyini göstərən şəhərin qalıqlarına baxır:

“Bir tərəfimdə xarabalığa çevrilən, digər tərəfimdə isə yenidən qurulan və gözəlləşən Füzuli var. Bu tərəfə baxanda həmin acılı və dəhşət dolu günləri xatırlayıram. Nəticədə həmin hadisələr gözlərimin qarşısında canlanır. O an kövrəlirəm… Elə bilirəm ki, sanki 30 il əvvəlki vaxtdayam. Amma yeni inşa edilən binaları, tikinti meydançasını, həmçinin burada yaradılan şəraiti və gündən-günə canlanan şəhəri görəndə keçmişdən ayrılıb, ümid dolu gələcəyə baxıram. Ürəyimiz açılır və bu mənzərəyə baxanda ölkəmlə, xalqımla dövlətimlə qürur duyuram. Son iki ay 30 il yaşadığım çətin anlar üçün məlhəmdir. 44 yaşım var, Füzuliyə köçdüyüm gündən elə bilirəm ki, 30 illik məcburi köçkün həyatını yaşamamışam. Buradan çıxanda 15 yaşım var idi. Buraya gələndən elə bilirəm ki, hələ də 15 yaşındayam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir