Cəmiyyət

Ekspert: “Bank bazarı get-gedə inhisarlaşır, tarifin artması da sünidir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər”.

Bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan bir manat olacaq. Əslində, bunun özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi SMS göndərmənin maya dəyərini xeyli aşağı salıb”.

Bəs görəsən, tarifin artırılmasının səbəbləri nələrdir? Təsirləri necə olacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu, “Haqsız rəqabət haqqında” Qanuna ziddir:

“Bu, haqsız rəqabətdir. Əlbəttə, hər bir özəl kommersiya qurumu və bank öz tariflərini artıra bilər. Amma bunlar bunu bir yerdə birləşərək edirlərsə, bu, artıq bazarda onlara sərf edən qiymətlərin müəyyən edilməsi istiqamətində sövdələşmədir. Hazırda mövcud olan “Haqsız rəqabət haqqında” Qanuna ziddir. Bununla yanaşı, Milli Məclisdə müzakirə olunan Rəqabət Məcəlləsinə ziddir. Məsələ ilə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olmalıdır”.

Ekspert tarifin artırılmasının süni olduğunu qeyd edib:

“Bu, konkret olaraq süni artımdır. Bazarda kartofun və ya ətin qiyməti qalxanda artımı süni adlandırırlar. Əslində, o zaman süni qiymət artımı baş vermir. Çünki bazarda kartof və ət satanların sayı çoxdur, qiymət artımı ola bilər. Amma bankların sayı azdır. Banklar, təbii ki, sövdələşə bilərlər. Tarif artırılması yolverilməzdir.

Tarifin artırılmasına ehtiyacın olub-olmadığını bazar göstərməlidir. Birləşərək ediblərsə, sünidir. Azərbaycanda, onsuz da, bank bazarı get-gedə inhisarlaşır. Sistem əhəmiyyətli inhisarçı banklar da belə addımlar atırlar. Düzgün deyil. Artım olması üçün əsas görmürəm. Bunu edənlər normal bank sistemidirsə, çıxıb hansı səbəbdən tarifi artırdıqlarını əsaslandırmalıdırlar”.

“Müsbət tərəfləri, təbii ki, banklara olacaq. Bankların gəlirləri daha çox olacaq. Mənfi tərəfi isə bank xidmətlərinin istehlakçıları üçündür. Onlar üçün bank xidmətləri daha baha olacaq”, – deyə Ə.Həsənov əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir