Cəmiyyət

Azərbaycan Ordusunun leytenantı: “Müharibə vaxtı səhvən əsir düşdüyümə dair xəbər yayılmışdı” – FOTO

Sharing is caring!


“Vətən müharibəsi başlayanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) kursant idim. 2020-ci ildə kiçik leytenant hərbi rütbəsi aldım. Sonra isə Vətən müharibəsi başlandı və biz döyüşlərə qatıldıq. İlk olaraq Goran istiqamətinə yollandıq və orada hərbi dəstələrə bölündük”.

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Ordusunun leytenantı, 1999-cu il təvəllüdlü Ehtiram Sadiq oğlu Qaraşov deyib.

Ehtiram Qaraşov 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2017-ci ildə buranı müvəffəqiyyətlə başa vurub. Eyni ildə Heydər Əliyev adına Hərbi İnstituta daxil olub. Vətən müharibəsi başlayana qədər burada təhsilini davam etdirib.

Ehtiram Qaraşov deyir ki, Vətən müharibəsində ilk olaraq Füzuli istiqamətində döyüşlərə qatılıb:

“Döyüş tapşırıqlarına göndərilərkən tərkibində olduğum dəstədə 77 nəfər şəxsi heyət üzvü var idi. Bizim dəstə, əslində, müharibə zamanı, xüsusilə də Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ərazilərində işğaldan azad edilən kəndlərin müdafiə və mühafizəsini təşkil edirdi. Düşməndən azad edilən ərazilərdə möhkəmlənərək müdafiəni icra etmişik”.

O bildirir ki, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib:

“Qubadlı rayonunun Saldaş, Fərcan kəndləri istiqamətində düşmənin mövqeləri var idi. Bizə həmin düşmən postlarının ələ keçirilməsi tapşırığı gəldi. Döyüş tapşırığını icra edərək sözügedən kəndlər istiqamətində düşməni zərərsizləşdirdik. Biz postlara yaxınlaşanda düşmən bizi görürdü. Lakin müqavimət göstərməyə qorxdu.

Hətta onlar bizimlə açıq döyüşə girmədən postu qoyub qaçmağa başladılar. Ermənilər Azərbaycan əsgərindən qorxurdular. Biz onların canına o qədər xof salmışdıq ki, kölgəmizi də görəndə qaçırdılar. O postları çox da çətinlik çəkmədən ələ keçirdik”.

Müsahibim deyir ki, onların dəstəsi bu istiqamətdə döyüşlərdə itki verməyib:

“Ondan sonra ardıcıl olaraq bizə verilən döyüş tapşırıqları icra olunmalı idi. Adsız yüksəkliklərin ələ keçirilməsi istiqamətində irəlilədik. Qarşımızdakı postda olan sakitlik bizim xoşumuza gəlmədi. Düşmən bizi aldadaraq posta çəkməyə çalışırdı. Gecə saatlarında bizim posta daxil olacağımızı düşünərək pusquda gözləyirdi. Lakin biz gecəgörmə cihazları vasitəsilə düşmənin gizləndiyini aşkarladıq. Bunun tələ olduğunu anladıq.

Sabaha qədər ağacların arxasında mövqelənib hazırlıq gördük. Səhərin erkən saatlarında posta hücum etdik, gözləmədiyi anda basqına hazırlıqsız yaxalanan düşmən zərərsizləşdirildi”.

Müharibə vaxtı ərazidə hava çox soyuq və rütubətli idi. Lakin E.Qaraşov deyir ki, Azərbaycan Ordusunun əsgər və zabitləri ilin istənilən fəslinə, istənilən hava şəraitinə fiziki cəhətdən dözümlü və hazırlıqlı yetişdiriliblər:

“Həmin ərazilərdə rütubət çox idi. Arabir güclü yağış yağırdı. Yer palçıq olduğundan hərəkət etmək də nisbətən çətin idi. Piyada həmin yüksəklikləri qalxmaq asan deyildi. Buna qədər biz digər istiqamətlərdə işğaldan azad edilən yüksəkliklərin müdafiə-mühafizəsini həyata keçirdiyimiz üçün artıq şəxsi heyətdə bir qədər yorğunluq hiss olunurdu.

Ərzaq təchizatı da nisbətən azalmışdı. Lakin buna baxmayaraq, qarşıya qoyulan döyüş tapşırığı tamamlanmamış heç kim istirahət edə bilməzdi. Düşmən layiqli cavabını aldı, gördü ki, bizi pusquya salmaq, yanıltmaq mümkün deyil”.

Müsahibim deyir ki, düşmən öz silahlarını, əl qumbaralarını postda qoyub qaçırdı:

“Bəlkə də, o qədər əl qumbarasını bizə pusqu qurmaq üçün gətirmişdilər, amma biz onlara bu fürsəti vermədik. Arzuları ürəklərində qaldı. Xeyli sayda minaatan mərmiləri, şəxsi əşyaları, silahları – hamısı postlarda qalmışdı”.

Ehtiram Qaraşov deyir ki, düşmən itirdiyi mövqelərini yenidən geri qazanmaq üçün əks-hücum cəhdləri etsə də, bunun heç bir nəticəsi olmayıb:

“İtkilərinin sayı bir idi, beş oldu. Azərbaycan Ordusu onlara yerini göstərdi və geri çəkilməyə məcbur etdi. Bizim itkimiz olmadı. Zabitlərimiz mövqelənməni, müdafiəni döyüş planı üzrə həyata keçirdikləri üçün bizdə şəxsi heyətdən ölən və ya yaralanan olmadı”.

Hərbçimiz deyir ki, müharibəyə getdiyini ailəsinə desə də, onlarla uzun müddət danışmaq imkanı olmayıb:

“Ailəm mənim müharibədə olduğumu bilirdi. Lakin uzun müddət danışmadığımız üçün baş verənləri telekanallardan eşidirdilər. Mənimlə əlaqə saxlamaq üçün telefona zəng etsələr də, zəng çatmayıb. Təhlükəsizlik və koordinat məsələlərinə görə telefondan istifadə etmək qadağan idi. Necə olubsa, səhvən mənim əsir düşdüyümü zənn ediblər. Amma şükür olsun ki, çox narahatlıq yaranmadan məsələ aydınlaşıb”.

Azərbaycan Ordusunun leytenantı Ehtiram Qaraşov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölkə başçısı, Ali Baş Komandanın müvafiq əmri ilə “Qubadlının işğaldan azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir