Cəmiyyət

Ömrünü son ünvana “süpürənlər”: Küçələr niyə texnikalarla təmizlənmir? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Bir neçə gün əvvəl Suraxanı rayonunun Ramana qəsəbəsi, Samir Əliyev küçəsində təmizlik işçisini maşın vurub. 

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi həlak olub.

Bəlkə də, ay ərzində bir və ya iki təmizlik işçisini maşının vurduğu barədə məlumatlar oxuyuruq. 

Bəs bunun qarşısını necə almaq olar? Niyə küçələrin təmizlənməsində texnikadan deyil, insan əməyindən istifadə edilir?

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilər günün müxtəlif saatlarında yollarda xidmət edirlər:

“Paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini həyata keçirən əməkdaşlar avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunublar. Bundan əlavə, təhkim olunduqları Mənzil Kommunal və Texniki Xidmət Sahələri tərəfindən onlara təhlükəsizliklə bağlı gündəlik təlimatlar verilir.

Onu da qeyd edək ki, təmizlik zamanı insan əməyindən istifadə praktikası dünyanın müxtəlif ölkələrində geniş tətbiq olunur”.

“Eyni zamanda, yollarda xidmət göstərən xüsusi texnikalar hərəkət intensivliyi aşağı olan vaxtlarda şəhərin müxtəlif ərazilərində təmizlik işlərini həyata keçirirlər. Onu da nəzərə almalıyıq ki, yolların qırağında park edilmiş avtomobillərin mövcudluğu, həmçinin texnikanın tıxaca səbəb olması səbəbindən onlardan, əsasən, səhər saatlarında istifadə edilir”, – deyə qurumdan vurğulanıb.

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, yolları təmizləmək üçün xüsusi texnikalar çoxfunksiyalıdır və hər mövsümdə işləyə biləcək elementləri var:

“Onlar yolları təmizləyir, baryerləri yuya bilir. Eyni zamanda, qar yağanda da yolu təmizləyir. Yəni bir texnika bir neçə işə yarayır.

Ancaq yollarda təhlükəsizlik qaydalarına əməl olunmur. Yolların kənarlarında səkilər, demək olar ki, yoxdur. Bununla bağlı ən böyük problemə Ziya Bünyadov prospektində rast gəlmək olur.

Sürücü səki olmayan yerdə adamı görən zaman çalışır ki, onu vurmasın, amma bunun üçün gec olur. Bir müddət əvvəl “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası yaxınlığında külək əsən zaman reklam lövhəsi qırılmışdı, təmizlik edən qadın qaçmışdı ki, üzərinə düşməsin, amma avtobus onu vurub öldürdü”.

A.Nəbiyev vurğulayıb ki, bizim ölkədə də müvafiq texnikalar var və bu cür hadisələrin olmaması üçün avtomobil yollarında insanlar yox, maşınlar işləməlidir:

“Havanın külək, soyuq olan bir vaxtında da bizdə texnika deyil, qadınlar işləyirlər”. 

Sosioloq Aynur Hacıyeva saytımıza açıqlamasında bildirib ki, küçələrin təmizliyinə baxan, çalışan insanların təhlükəsizliyi, demək olar ki, təmin olunmur:

“İşçilər arasında yaşlı insanlar üstünlük təşkil edirlər. Maşınların sürətlə hərəkət etdiyi yolların kənarlarında təmizlik işləri ilə məşğul olan insanlar hər an həyati təhlükə ilə üzləşirlər.

Bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlar məsuliyyət daşımalıdırlar. İşçilər bu cür təhlükəli işlərə cəlb olunmadan əvvəl tədbirlər görülməlidir. Maşınların gur hərəkət etdikləri saatlarda insanlar yol kənarlarında işləmək üçün cəlb edilməməlidirlər”.

Hüquqşünas Cavid Babayevin sözlərinə görə, mövcud Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) tələbinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

C.Babayev əlavə edib ki, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda sürücü üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə təmizlik işləri, adətən, gecə saatlarında görülür:

“Bunun üçün də təhlükəsizlik tədbirlərinə əməl olunur. Bura – xəbərdarlıq, küçənin işıqlandırılması, nişanlar və sair daxildir. Şəhər küçələrinin yuyulmasını, süpürülməsini texnika edir. Təbii ki, həmin sahədə çalışanların təhlükəsizliyi qabardan elementlər olan xüsusi forma geyinmələri mütləqdir”.

Ekspert bildirib ki, Bakı şəhərində mobillik problemi var:

“Bu gün yollarda avtomobillər çoxdur və hər hansı bir yolun hətta təmir üçün bağlanması ümumi hərəkətə təsir göstərəcək. Yoldakı nəqliyyat vasitələrinin sayına təsir edə bilsək, eyni zamanda, səkilər abadlaşdırılsa, velosiped və skuter zolağı çəkilsə, nəticədə avtomobillərin sayı azalacaq. Bununla da küçələrdəki təmizlik işlərinin texnika ilə aparılmasına sıxlığın maneə yaratması arqumenti olmayacaq. Yaxşı olardı ki, bu növ işlər təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, gecə saatlarında görülsün”. 

Qeyd edim ki, insanlar hər gün səhər işə gedəndə küçəni təmiz halda görsünlər deyə süpürgəçilər sübh tezdən küçələri süpürürlər. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir