Cəmiyyət

A kişi, dövlət nə edir sənin torpağını?

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Son bir gün! Sizi bilmirəm, mən səhər oyanan kimi bunu düşündüm! Sabah Zəfər günüdür! Sabah hərbi parad Azərbaycanın müasir hərb tarixində ilk dəfə olaraq Xankəndi şəhərində keçiriləcək. Sabah mənim üçün müqəddəs gündür. 

Sabah böyük gündür! 

Birdən sabaha sağ çıxmasam bilin ki, o günü görmək mənim ən böyük arzum olub. 

Sabahı görmək üçün minlərlə can verdik, bu günü 30 ildir gözləyənlər də var, ömrü vəfa etməyənlər də…

Sabahkı gün sanki son yüz ilin məntiqi sonluğudur.

Bu müqəddəslik içində isə bəzi bacı-qardaşlar var ki, sanki bütün olanlardan xəbərləri yoxdur. Sanki bir qəflət yuxusundadırlar. Sanki hələ də baş verənlərə düzgün dəyər verə bilmirlər. Halbuki, ən çox əziyyət çəkən də elə özləri olublar.

Bu nə hikmətdir görəsən? Ən çox əzab çəkən, ən çox çamur atır özünə. Gedib demək istəyirsən ki, ay qardaş, ay bacı nə olub? Qiyamətdirmi? Yoxsa dünyanın sonudur? Nədir axı? Nəyin davasını aparırsan? Bir ovuc torpağınmı? Axı hektarla torpaq qalmışdı erməninin əlində, heç nə edə bilmirdin ona!

Ancaq məclislərdə Qarabağ üçün sağlıq deyilirdi, qol qaldırılıb rəqs edilirdi. Məhəbbət Kazımov da yanğı ilə “Laçınım mənim” oxuyurdu. Çünki dağ boyda kişinin əlindən başqa heç nə gəlmirdi. Çünki əlindən başqa işin gəlməsi mümkün də deyildi. Hərəmiz dərdimizi bir mahnıya, bir bayatıya salıb oxuyurduq. Kaş torpaqlar geri qayıtsın deyirdik.

Bəs torpaqlar işğaldan azad olunan kimi nə etdik? 

Hərəmiz əlimizə bir telefon alıb düşdük Qarabağın canına. Bu tin sənin, o tin mənim deyib xəritə çəkdik. Bu ev mənim, o ev sənin deyib haqq-hesabat apardıq. Hələ bunun başına halay da salıb atdıq sosial şəbəkələrin canına.

Kimsə dedi ki, burada mənim dədəmin evi olub, indi dövlət burada məktəb tikib, tez söksün. Digəri dedi ki, mənə məhz durduğum yerdə torpaq sahəsi verin! Bir başqası haray çəkdi ki, dövlət torpağımızı əlimizdən alıb!

A kişi, dövlətin nəyinə lazımdır sənin torpağını? Dövlət ona görəmi 30 ildir mübarizə apardı ki, sənin 10 sot torpağını əlindən alsın? 
A kişi, ay qardaş, ay bacı danışanda bir düşünsək nə olar axı?

30 il erməni o əraziləri şumlayanda heç səs çıxmırdı. 30 il erməni daşı-torpağı daşıyanda, dağıdanda, məzarları belə məhv edəndə heç nə edə bilmirdik. Nə tez unuduldu hər şey?

Tez ol, mənim torpağımı ver deyənlər haradan peyda oldu görəsən? Haradan axı?!

Dövlət babanın kiminsə 10 sot torpağında gözü yoxdur. Hər kəsin evini də tikir, yolunu da çəkir. “Böyük köç” üçün çalışır. Hər kəsin torpağını, həyətini də verəcək. Hər gün Qarabağda yeni kəndlər salınır, şəhərlər bərpa olunur. Ərazilər minadan təmizlənir. A kişi, erməni 30 il o ərazilərdə elə bil buğda yerinə mina əkib. Hər ovuc torpaqda az qala 5 mina çıxır. Bəs bu qədər dövlət baba iş görür, bunu niyə demirsiniz? Niyə demirsiniz ki, heç bir dövlət müharibə bitən kimi dağıdılmış ərazilərini bu sürətlə bərpa etmək gücündə deyil. Müharibə elə bilirsiniz havayıdır? Günə nə qədər xərc-xəsarəti var bunun. Elə atılan bir güllənin pulunu hesablasan görərsən ki, heç də asan məsələ deyil…

Dövlət baba hər kəsin ev payını da, torpaq payını da verəcək. Kimin əlində sənəd-sübut var, ona da uyğun torpaqla, mənzillə təmin olunacaq. Sənədi olmasa da ən yaxşı şəraitlə təmin olunacaqlar. Heç kim küçədə qalmayacaq. Yurdundan didərgin düşən hər bir kəs üçün ən yüksək səviyyədə təminat işləri görüləcək. 

Yoxsa bu gün elə mən gedim hamıdan yüksək çığırım ki, “mənim babamın burada mülkü olub, tez tikib verin mənə?” Necə olacaq bu iş?

Ay sağ ol, olmayacaq. Ona görə də bunun bir qanunu, qaydası var. Hay-küy salıb, qışqırmaqla olmayacaq bu iş. Heç kim də məktəb binasını sökməyəcək. Bir az məntiq olsa lap gözəl olar. Deməli elə öz əraziniz boyda bir az kənarda yer veriləcək. 
İndi nəyin davasını aparırıq ki? Beş metr o yan, beş metr bu yanın? Yoxsa, fürsətdir deyib hay-küy salmaqdırmı məramımız? 

Məncə bizim əsas məqsəd və məramımız başqa olmalıdır! 

Bu ölkəni, bu dövləti biz qurmalıyıq. Hər birimiz əlimizi daşın altına qoymalıyıq. Yoxsa ki, “verməlisən, etməlisən” deməklə olmayacaq!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir