Cəmiyyət

İnfeksionist: “Yoluxma sayında ciddi artım olacağını düşünürdük, əksi oldu” – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Ölkədə vaksinasiya prosesi, demək olar ki, böyük uğurla başa çatıb”. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir.

Bu açıqlama hər kəs tərəfindən maraqla qarşılanıb. Bir çoxları artıq koronavirus epidemiyasının bitdiyini güman edirlər. Xatırlasaq ki, ÜST bu il mayın beşində ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası statusunu ləğv etmişdi və həmin vaxtdan təxminən beş ay keçib, bu istiqamətdəki gözləntilər daha da güclənir.

Bəs görəsən, həqiqətən, epidemiyanın sonuna yaxınlaşırıqmı? Xəstəliklə vidalaşmağımıza nə qədər qalıb?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, COVID-19-la bağlı ciddi bir risk yoxdur:

“Əslində, ölkədəki vəziyyət, həqiqətən, qənaətbəxşdir. Bunu, onsuz da, gündəlik yoluxma hallarından, eyni zamanda, xəstəxanaya müraciətlərdən və hazırda ölkədəki epidemioloji vəziyyətə görə də düşünmək olar. Yəni nəticə göz önündədir.

COVID-19 ilə bağlı əhalidə ciddi bir risk, sağlamlıq baxımından hər hansı bir problem görmürəm. Çünki insanlar zamanında kütləvi olaraq bu xəstəliyə yoluxublar. Artıq buna qarşı immunitet yaranıb. Eyni zamanda, əhalinin çox hissəsi peyvəndlənib. Hazırda dünyada ciddi epidemioloji vəziyyət yoxdur”.

V.Əliyev Azərbaycanda vəziyyətin stabil olduğunu vurğulayıb:

“Yoluxmaya, ciddi və ağır fəsadlara səbəb olacaq virus mutasiyası olmadığına görə Azərbaycanda da vəziyyəti mən stabil olaraq görürəm. Təbii ki, koronavirus tamamən dünyadan silinən bir virus deyil. Bu virus artıq qalıcıdır. Amma önəmli olan onun insanlarda ciddi xəstəliklərə səbəb olmamağından gedir.

Odur ki, hazırda elə bir risk görmürəm. Təbii ki, gələcəkdə yeni bir mutasiya yaranarsa və dünyada bununla bağlı hər hansı bir ziddiyyət görülərsə və ya ciddi xəstəliyə səbəb olarsa, o zaman müvafiq tədbirlər görüləcək. Amma hazırkı vəziyyət stabildir. Yaxın zamanlarda pandemiyanın yeni dalğası yaranmayacaq”.

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, payız mövsümü olmasına baxmayaraq, yoluxma sayında artım müşahidə edilmir:

“Payız mövsümünə olsa da, koronavirusla bağlı yoluxma sayında artım müşahidə edilmir. Düzdür, ola bilər ki, koronavirusla bağlı yoluxanlar çoxdur, amma onlar xəstəxanaya müraciət etmirlər. Çünki xəstəliyi daha yüngül keçirirlər. Hətta adi qripə yoluxduqlarını düşünürlər. Kollektiv immunitet yarandığı üçün xəstəliyi yüngül keçirirlər”.

“Yəni, əslində, epidemioloji vəziyyətin, həqiqətən də, qənaətbəxş olduğunu demək olar. Çünki müəyyən ölkələrdə yoluxma sayında artım var. Amma bizdə payız mövsümünə rəğmən, belə hal hələ ki yoxdur. Açığı, biz daha ciddi artımın olacağını gözləyirdik, lakin artım müşahidə edilmir. Xəstəliyi yüngül keçirirlər deyə xəstəxanaya müraciət etmirlər və statistik rəqəmlərdə özünü göstərmir. Bu, əslində, çox yaxşı haldır”, – deyə M.Əliyev əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir