Cəmiyyət

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar

Sharing is caring!


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Natiq Əliyev icra edəcək. Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye Təbabət Bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

Samux Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsinə Loğman Hacı Bədəlli təyin edilib. Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.

Laçın Rayon Mərkəzi Xəstəxanasında isə direktor vəzifəsinə Orxan Cəbrayılov təyin edilib. Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili Tibbi Yardım Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda, Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – İlkin Səhiyyə Xidmətinin rəhbəri təyin olunub. Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika Bölməsinin müdiri olub.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə Güllü İbadova təyin edilib. Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkim vəzifəsinə isə Elnur Abdullayev təyin edilib. Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin müdiri vəzifəsini icra edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir