Cəmiyyət

Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasının növbəti iclası keçirilib

Sharing is caring!


2023-cü il noyabrın 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət Şurasının növbəti iclası keçirilib.

İclasda “Cinayət mühakimə icraatında sahələrarası preyudisiya”, “Mülki işlər üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində preyudisial əhəmiyyəti”, “Eyni bir hüquqpozma ilə bağlı paralel inzibati araşdırmanın və cinayət təqibinin aparılması problemi” mövzuları müzakirəyə çıxarılıb.

Bildirilib ki, iclasın gündəliyinin müəyyən edilməsinə sahəvi qanunvericiliyin eyni bir pozuntusuna görə şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunmaları ilə əlaqədar hüquq tətbiqetmə təcrübəsində yaranan bir sıra suallar səbəb olub. Şuranın iclasında aparılan müzakirələrin yekunda cinayət təqibinin və inzibati iş üzrə icraatın aparılmasından irəli gələn sualları ortadan qaldırmağa, hüquqpozmaların araşdırılması üzrə daha yaxşı təcrübənin formalaşmasına imkan yaradacağı diqqətə çatdırılıb.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğu, Dövlət Vergi Xidməti, Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri, alimlər və hüquqşünas ekspertlər mövzu üzrə müəyyən problemlərə toxunub, təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Elmi-məsləhət Şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir